Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti "Virtual təhsil platforması” layihəsini təqdim edib.
Qaynarinfo xəbər verir ki, 100-dən artıq gəncin iştirak etdiyi tədbirdə informasiya təhlükəsizliyi və İT üzrə mütəxəssislər "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq mobil təhlükələr, rəqəmsallaşma haqqında məlumatlar veriblər.
Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin nümayəndəsi Yusif Poladov bildirib ki, hədəf təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi va istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarına yardım etmək, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasında İsrail mütəxəssislərinin köməyindən yararlanmaqdır.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahil Ələkbərli qeyd edib ki, Bugünkü maarifləndirmə xarakterli tədbir əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edir: "İndiki gənclər erkən yaşdan kiber dünya ilə tanış olmaq imkanı əldə edirlər" .
Gənclərin Azərbaycanda kibercinayətlər, "Instagram" sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkədə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılıb. İştirakçılara kompüterlərdən istifadə edərkən yarana biləcək problemlərlə qarşılaşmamaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmə üsulları aşılanıb.
Qeyd edək ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.
Şərhlər