Ukrayna Ordusunun öncül hissələri artıq Xerson şəhərinə daxil olub. Bu hadisə Ukraynada böyük sevinclə qarşılanıb. Ölkə prezidenti Volodimir Zelenski xalqını təbrik edib.
Vurğulayaq ki, Xerson şəhəri strateji baxımdan olduqca əhəmiyyətli bir yerdə yerləşir. Ona görə də xeyli müddət idi ki, bu şəhərə nəzarət uğrunda Ukrayna ilə Rusiya arasında kəskin mübarizə gedirdi. Nəhayət, Kiyev Xersona nəzarəti yenidən bərpa edə bildi.
Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında Xersonun hər iki ölkə üçün önəminin nədən ibarət olması barədə danışıb. Həmsöhbətimiz qeyd edib ki, Xerson qələbəsi döyüş motivasiyasının tamamilə Ukraynanın tərəfinə keçdiyini göstərir:
"Xersonun azad olunması ciddi dönüş nöqtəsi hesab olunur. Amma bu hələ məsələnin tam həlli deyil. Tam həlli üçün Ukrayna bir qədər də əziyyət çəkməlidir. Növbəti mərhələdə əsas döyüşlər Donetsk istiqamətində gedəcək. Bu fonda ruslar Zaporojyenin işğal etdikləri ərazilərini də əllərində saxlaya bilməyəcəklər. Bundan sonra Rusiya daha çox əsəbi, xaotik və düşünülməmiş addımlar atacaq”.
Ekspert bildirib ki, Xersonun itirilməsilə Putin çətin duruma düşüb:
"Bu şəhərin itkisi Kremlə böyük zərbə oldu. Xerson Rusiya üçün Krıma quru yolla getmək baxımından əhəmiyyətli idi. Şəhəri tərk etməklə Rusiya bu imkandan məhrum oldu. Belə vəziyyətdə Rusiya Krımı əlində saxlamaqda da çətinlik çəkəcək. Xersonun azad edilməsilə Rusiya qoşunlarının qərbə, Odessaya doğru irəliləyə bilməsi imkanları da azalır. Xerson məğlubiyyəti rus ordusu barədə yayılan mifi büsbütün dağıtdı. Bu itki rus ordusunun heç bir gücə sahib olmadığını bir daha təsdiqlədi. Moskva bir daha anladı ki, Qərb silahı və Ukranya xalqının əzmi qarşısında gücsüzdür”.
Rüfət Sultan
Şərhlər