Madaqaskar xarici işlər naziri Rusiyanın təşkil etdiyi "referendumları” və Ukraynanın işğal olunmuş dörd bölgəsinin ilhaqını pislədiyi üçün vəzifəsindən azad edilib.
Bu barədə Qaynarinfo "Reuters"ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, nazir Riçard Randriamandrat BMT Baş Assambleyasında Ukraynanın lehinə səs verdiyinə görə vəzifəsindən kənarlaşdırılıb. Baş Assambleyanın 193 üzvündən 143-ü Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamənin lehinə səs verib. Ötən həftə keçirilən səsvermədə bitərəf qalan 35 ölkədən 18-i Afrikadan olub.
"Reuters” xəbər verir ki, Rusiyanın bu il Ukraynaya təcavüzü bir çox Afrika ölkəsini pis vəziyyətdə qoyub. Çoxlarının Qərb və keçmiş Sovet İttifaqı ilə mürəkkəb tarixi, eləcə də Rusiya ilə mühüm iqtisadi əlaqələri var.
Əvvəllər Madaqaskar Ukraynadakı müharibə ilə bağlı qətnamələr üzrə müxtəlif səsvermələrdə həmişə bitərəf qalıb. Hökumət bu məsələdə neytrallıqdan və bloklara qoşulmamaqdan bəhs edib.
Nizami Bağırov
Şərhlər