Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının apellyasiya məhkəməsi başlayır.
Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib. Onun sözlərinə görə, ilkin baxış iclası dekabrın 27-nə təyin edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murğuzovun sədrliyi ilə baxılacaq.
"Ümid edirik ki, elə ilk iclasdan işin obyektiv araşdırılmasına şahidlik edəcəyik. Raminin heç bir günahı yoxdur. Ona bəraət verilməlidir. Mən dəfələrlə müraciətlər etmişəm. Ümid edirəm ki, nəhayət müraciətlərimin bir faydası olar”, deyə ictimai fəalın anası bildirib.
Ramin Hacılı barəsində çıxarılan hökmdən sonra aclıq aksiyası keçirib və səhhətində problemlər yaranmışdı. Anası deyir ki, hazırda da səhhətində müəyyən problemlər var.
Ramin Hacılı qanunsuz miqrasiyada ittiham olunur. O və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, Ramin Hacılının işi ayrıca icraata verilib.
O, bu ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
Ramin Hacılı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Hesab edir ki, həbsi ictimai-siyasi fəaliyyəti ilə əlaqədardır. O, barəsində çıxarılan hökmün ləğv edilməsini və barəsində bəraətverici hökm çıxarılmasını tələb edir.
"Ümid edirəm ki, işə Apellyasiya Məhkəməsində obyektiv bağılacaq" - Ramin Hacılının anası
Seyid
Şərhlər