Xəbər lenti

Türkiyə İraq ilə niyə barışdı? (ŞƏRH)
Dünya 14:24 17.08.2024

Türkiyə İraq ilə niyə barışdı? (ŞƏRH)

"Bu saziş İraqı parçalanmaqdan xilas edəcək. Türkiyə üçün isə təhlükəsizlik məsələsində mühüm əhəmiyyətli ənəddir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Ekspert bildirib ki, İraq 20 ildən artıqdır işğala məruz qalmış ölkədir:

"Bu ölkə üzərində böyük geosiyasi əməliyyat aparıldı. Əsas hədəflərdən biri də İraqın neft mənbələrini ələ keçirmək və ölkə daxilində yeni bir "dövlət" yaratmaqla gələcəkdə onun Böyük Kürdüstana çevrilməsinə nail olmaqdan ibarət idi. Bu layihə də regionda yerləşən dörd dövlətin hesabına olmalı idi. Bunun da arxasında İsrail və ABŞ dururdu. Ancaq buna imkan vermədilər və ən böyük əngəl Türkiyədən gəldi". 

Ekspertin qeyd etdiyinə görə, Ankara ilə Bağdadın imzaladığı təhlükəsizlik sazişi İraqın gələcəyi üçün böyük perspektivlər vəd edir:

"Çünki İraq torpaqaltı və torpaqüstü böyük zənginliklərə malik ölkədir. Bu mənada İraqın Türkiyə ilə bağladığı təhlükəsizlik sazişi ilk növbədə onun özünün təhlükəsizliyini təmin edir. İraq parçalanmaqdan qurtularsa, onun inkişafı yolunda önü açılacaq. Bu məsələdə də elmi-texnoloji, iqtisadi, maliyyə, istərsə də hərbi müdafiə məsələləri kontekstində Türkiyə çox önəmli ölkədir. Bu saziş Bağdada təhlükəsizlik, iqtisadi rifah, region ölkələrilə əməkdaşlıq və İraqa müstəqillik, suverenlik vəd edir".
 


Həmsöhbətimizin fikrincə, sözügedən saziş təhlükəsizlik nöqteyi-nəzərindən, PKK terrorunun məhv edilməsi baxımından Türkiyə üçün də önəmlidir:

"Türkiyənin təhlükəsizliyini təhdid etmək üçün hər zaman İraqdan istifadə olunub. İraqda Kürdüstan yaratmaq istəyənlər burada PKK terrorunun çiçəklənməsinə hər cür şərait yaratdı. O baxımdan təhlükəsizlik nöqteyi-nəzərdən Ankaranın Bağdadla strateji saziş imzalaması Türkiyə üçün də çox önəmlidir. Yeni nəqliyyat-ticarət, loqistik kommunikasiyalar sisteminin yaradılması istiqamətində də iki ölkə arasında anlaşma var. Onlar arasında yeni dəmir yolunun çəkilməsilə yeni ticarət yolu da yaradılır ki, bu da strateji əhəmiyyətlidir. Saziş hər iki ölkəyə inkişaf, sülh, əməkdaşlıq və təhlükəsizlik vəd edir. Bu isə digərləri kimi İranı da ciddi narahat edir".

Qeyd edək ki, Türkiyə ilə İraq arasında təhlükəsizlik sazişi imzalanıb. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə mətbuat konfransında məlumat verib. 

"Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Bu saziş tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, əməkdaşlığımızı növbəti səviyyəyə daşıyacağıq", deyə Hakan Fidan bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->