Xəbər lenti

Tramp həbs ediləcəkmi? - Ekspertlər
Siyasət 18:50 15.08.2022

Tramp həbs ediləcəkmi? - Ekspertlər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mara-Laqo malikanəsində axtarış zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri 11-ə qədər sənəd dəstini ələ keçirib. Onlardan dördü "tam məxfi”, üç dəst "gizli”, yerdə qalanları da "məxfi” olaraq qeyd edilib. Xatırladaq ki, avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mara-Laqodakı mülkündə axtarış aparıb.

Məsələyə münasibət bildirən eks-prezident isə deyib ki, FTB axtarış əvəzinə ondan dəstləri təhvil verməsini "yalnızca xahiş etməli" idi: "Hər şey məxfilikdən çıxarıldı. Heç nəyi "götürmək” lazım deyildi. Siyasət oynamadan və ya Mara-Lagoya girmədən istənilən vaxt o sənədlərə sahib ola bilərdilər”. 

Bundan əlavə, Tramp mülkündə axtarışların iştirakçılarını qınayıb və onları "alçaq” adlandırıb. Bu fonda Tramp görəsən nə gözləyir, o həbs edilə bilərmi? 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Qabil Hüseynli düşünür ki, Tramp və onunla yanaşı əvvəlki prezident Barak Obama da məsuliyyətə cəlb oluna bilər:



"Tramp özü vaxtilə prezident olanda daha əvvəlki ölkə başçısı Barak Obamanın məxfi sənədləri evinə götürməsi barədə məlumatlara malik idi. Nəticədə Tramp özü mənfi sənədlərin saxlanılması qaydası və onlar üzərində nəzarəti ələ keçirən şəxslərin məsuliyyəti barədə qanun layihəsini hazırlayaraq ona imza atıb. Amma indi özü qanunu pozur. Həmin qanunun müddəalarına uyğun olaraq, Tramp barədə də hüquqi məsuliyyət yaranır. Sübut olunsa, Tramp, eyni zamanda Obama da cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bütün bunlar onu göstərir ki, Trampın məsuliyyətdən yayınması çətin olacaq”. 

Konfliktoloq Üziyer Şəfiyev isə mövzu barədə konkret fikir bildirməyin hələ tez olduğunu dedi:



"Prosesin axarını gözləməliyik. Məsələyə müxtəlif yanaşmalar var. Tramp növbəti prezident seçkilərində iştirak edəcəyini bildirib. Ona görə də  bəziləri düşünür ki, Trampın mülkində axtarış aparılması daha çox seçki məsələsilə bağlıdır. Belədə Trampı nəyin gözlədiyinə gəlincə, hər şey təftiş zamanı tapılan materialların hansı sənədlərin hüquqi qiymətləndirilməsindən asılıdır. Yalnız prosesin nəticəsi bəlli olandan, qiymətləndirilmədən sonra Trampı hansı hüquqi müstəvidə məsuliyyətin gözlədiyindən danışa bilərik”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->