Bir qrup taksi sürücüsü mayın 27-də "Bolt” şikrətinə qarşı boykot kampaniyasına başlayır.
Bu barədə Qaynarinfo-ya taksi sürücüsü Nicat Məmmədov bildirib.
"Mayın 27-də axşam saat 17.00-dan 19.00-a kimi bütün "Bolt” sürücüləri proqramı bağlayıb şirkəti boykot edəcək. Bu 2 saat ərzində kim ki, gündəlik icarə haqqı ödəyir, başqa şirkətin proqramı ilə işləyə bilər, təki "Bolt” bağlı olsun. Eyni zamanda, aksiya müddətində hər kəs öz müştəri proqramına daxil olub şəhərin mərkəzi hissələrinə "Bolt”dan sifariş verəcək. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, saat 17.00-dan 19.00-a kimi hamı proqramı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də aksiyaya dəvət edəcik.
Bu boykotun birinci mərhələsidir. Növbəti mərhələlərdə aksiyanın vaxtı artırılacaq. Yəni, boykot 2 saatdan artıq çəkəcək. Kampaniya tələbələrimiz yerinə yetirilənədək davam edəcək”, deyə sürücü əlavə edib.
Nicat Məmmədov deyib ki, əsas tələbləri komissiya haqqının 20%-dən 10%-ə endirilməsi, minimal gediş haqqının 2.40 AZN-dən başlaması, gedilən ünvanın, qiymətin, ödəniş üsulunun sürücüyə göstərilməsidir:
"Bununla yanaşı, tələb edirik ki, kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. Pul 1-2 gün ərzində avtomatik sürücünün hesabına köçürülsün və ya gündəlik benzin talonu verilsin. Gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpikdən hesablansın. Hazırda gözləməyə görə hər dəqiqənin qiyməti 2 qəpikdir. Müştəri sifariş verdiyi ünvandan artıq məsafə qət edibsə, onun ödənişi proqramda avtomatik hesablansın. Sürücülər səbəbsiz yerə bloklanmasın, nəsə problem varsa, ədalətli şəkildə araşdırılsın. Sürücülərə verilən sifarişlər hava məsafəsiylə hesablanmasın. Məsafəyə görə hesablanan məbləğlər düzgün hesablansın. Bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Bu əsasən mərkəzdən kənar yerlərdə olur. Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi "Bolt” tərəfindən tam olaraq kompensasiya olunsun. Ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilsin”.
Taksi sürücüsünün sözlərinə görə, səsləndirilən tələblərlə bağlı dəfələrlə şirkətə müraciət olunsa da, nəticəsi olmayıb:
"Şikayətlərimizə laqeyd yanaşırlar. Bu azmış kimi profillərimizi bloklayırlar. Mən bir neçə dəfə şikayət etdim, profilimi blokladılar. Aksiyadan başqa yolumuz qalmadı”.
Taksi sürücüsü artıq boykot kampaniyası ilə bağlı "WhatsApp" qrupları yaradıldığını deyib:
"Qruplardan artıq biri dolub. Digərinə 150 nəfər üzv olub. Dəstək verən çoxdur. Ümid edirik ki, birgə etirazımızın nəticəsində tələblərimizin yerinə yetirilməsinə nail ola bilərik”.
Seyid
Şərhlər