Xəbər lenti

Siyasi Büronun rəhbəri,
Dünya 13:34 31.07.2024

Siyasi Büronun rəhbəri, "qlobal terrorçu" və milyarder: İsmayıl Haniyə kimdir?

Fələstinin HƏMAS hərəkatının Siyasi Büronun rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb. 

Bəs kimdir İsmayıl Haniyə?

Qaynarinfo onun tərcümeyi-halını təqdim edir:

İsmayıl Haniyə 1963-cü ildə Qəzzadakı əl-Şati fələstinli qaçqın düşərgəsində anadan olub. 1987-ci ildə Qəzza İslam Universitetinin Ərəb ədəbiyyatı fakültəsini bitirib.

Tələbəlik illərində o, sonradan İslami Müqavimət Hərəkatının (HƏMAS) bir hissəsinə çevrilən islamçı tələbə icmasına rəhbərlik edib. Haniyə 1948-ci ildə İsrailin yaranmasından əvvəl Fələstinin işğal etdiyi bütün ərazilərdə Fələstin dövlətinin yaradılmasına çalışırdı.

1988-ci ildə İsmayıl Haniyə birinci intifadada (1987-1993-cü illərdə İsrailə qarşı Fələstin xalq etiraz hərəkatı) iştirak etdiyinə görə İsrail hakimiyyəti tərəfindən həbs edilib. Altı ay həbsdə yatıb. 1989-cu ildə yenidən həbs olunub və Livanın cənubuna deportasiya edilib.

1993-cü ildə İsrail-Fələstin münaqişəsinin həlli üçün Oslo müqavilələri imzalandıqdan sonra Qəzzaya qayıdıb. 1994-cü ildə Qəzza İslam Universitetinin fakültələrindən birinin dekanı olub. 1997-ci ildə HƏMAS-ın ruhani lideri Şeyx Əhməd Yasinin ofisinə rəhbərlik edib (O, 2004-cü ildə öldürülüb).

2004-cü ilin martında Haniyə HƏMAS-ın liderlərindən biri olub, təşkilatın Qəzza zolağında fəaliyyətinə rəhbərlik edib. O, mötədil islamçı, praqmatist və danışıqlar aparan şəxs kimi şöhrət qazanıb. HƏMAS və FƏTH arasında vasitəçi olub. İordan çayının qərb sahilində yerləşən bu hərəkat Fələstin Azadlıq Təşkilatının əsas siyasi qüvvəsidir və rəsmi olaraq beynəlxalq səviyyədə fələstinlilərin maraqlarını təmsil edir.

2006-cı ildə Fələstin Milli Administrasiyasına (PNA) keçirilən parlament seçkilərində Haniyə HƏMAS siyahısında birinci olub. Seçkilər nəticəsində HƏMAS parlamentdəki 132 yerdən 74-nü əldə edib. 2006-cı ilin fevralında PNA-nın rəhbəri Mahmud Abbas İsmayıl Haniyəni baş nazir vəzifəsinə təsdiqləyib. 2007-ci ilin fevralına qədər o, birpartiyalı HƏMAS hökumətinə rəhbərlik edib. 2007-ci ilin martında FƏTH-lə razılıq əldə edildikdən sonra Haniyə milli birlik hökumətinə rəhbərlik edib. O, hökumətin məqsədini "azadlığa, müstəqilliyə nail olmaq və qaçqınların geri qayıtmaq hüququnu həyata keçirmək" olduğunu bəyan edib.

2007-ci il iyunun 14-də Qəzza zolağında HƏMAS silahlıları tərəfindən hakimiyyət zorla ələ keçirdikdən sonra Mahmud Abbas İsmayıl Haniyə hökumətini buraxıb, lakin o, ləğvetmə fərmanını qanunsuz adlandırıb. HƏMAS üzvlərindən ibarət hökumət 2014-cü ilə qədər Qəzza zolağında fəaliyyətini davam etdirib. Faktiki olaraq Qəzza zolağı Mahmud Abbasın başçılıq etdiyi Fələstin hakimiyyətinin nəzarətindən kənar bir anklav halına gəlib.

2014-cü ilin yazında Fələstinlərarası barışıq prosesi çərçivəsində İsmayıl Haniyə baş nazir vəzifəsindən istefa verərək, FƏTH və HƏMAS nümayəndələrinin daxil olduğu milli birlik hökumətinin yaradılmasına yol açıb. Hökumət heç vaxt tam işə başlaya bilməyib və tezliklə süqut edib.

2014-2017-ci illərdə Haniyə Yəhya Sinvarla əvəzlənənə qədər Qəzza zolağında HƏMAS-ın lideri olaraq qalıb. 2017-ci ildən İsmayıl Haniyə HƏMAS-ın siyasi bürosunun rəhbəridir.

2018-ci ildə ABŞ Dövlət Departamenti İsmayıl Haniyəni "qlobal terrorçu" elan edib. 2024-cü il mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Haniyənin həbsinə order verilməsini istəyib. Son illərdə o, Qətərin paytaxtı Dohada yaşayırdı. Media onu hərəkatın ən zəngin liderlərindən biri və təxminən 4 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən zəngin fələstinlilərindən biri adlandırıb. Digər məlumata görə, HƏMAS rəsmisinin sərvəti 10 milyard dollardır.
 
Haniyənin 13 övladı olub. 2010-cu ildə Qəzza şəhərinin dənizkənarı məhəlləsi olan Rimalda 2500 kvadratmetr torpaq sahəsi aldığı və ərazini öz kürəkəninin adına rəsmiləşdirdiyi bildirilib. 

Haniyənin bacıları Xolidia, Laila və Sabah İsrail vətəndaşlarıdır və İsrailin cənubundakı Təl-əs-Sabidə yaşayırlar. Üç bacının uşaqlarından bəziləri İsrail Müdafiə Qüvvələrində xidmət ediblər. Haniyənin nəvəsi 2013-cü ilin noyabrında, qayınanası isə 2014-cü ilin iyununda İsrail xəstəxanasında müalicə olunub.

2024-cü il aprelin 10-da İsrail ordusu HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərini daşıyan avtomobili atəşə tutub. Hücumda üç oğlu və dörd nəvəsini itirən Haniyə övladlarının Qəzzanı tərk etmədiklərini, Qüds və Əl-Əqsa məscidinin azad edilməsi üçün canlarını fəda etdiklərini deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->