Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.
Bu barədə rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə "Report”un yerli bürosunun əməkdaşının sualını cavablandırarkən deyib.
"Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir”, - nazir deyib.
S.Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib.
"KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”, - S.Lavrov deyib.
Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib.
"Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər”, - rusiyalı nazir vurğulayıb.
O qeyd edib ki, rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir.
"Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.
Şərhlər