Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində müştərilərin pul və qiymətli əşyalarını oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü Sumqayıt sakini Rüfət Cavadovun (ad-soyad şərti) ticarət mərkəzində silsilə oğurluqlar törətməsi məlum olub.
O, "Sədərək” Ticarət Mərkəzinin "Şirniyyat" adlanan bölməsinin 12-ci sırasında yerləşən 41 saylı mağazanın qarşısında müştərinin çantasından 1200 manat pulu oğurlayıb. Daha sonra başqa bir şəxsdən oğurluq edib və ümumilikdə ona 158 manat maddi ziyan vurub.
Rüfət Cəfərov növbəti dəfə ticarət mərkəzinin 3-cü korpusunda yerləşən 74 saylı mağazada zərərçəkmiş şəxsin bel çantasından 500 manat dəyərində "Redmi Note 11" modelli mobil telefonu və telefonun qoruyucusunda saxladığı 300 manat pulu oğurlayıb.
Onun sözügedən ticarət mərkəzində digər oğurluq hadisələrini də törətməsi istisna edilməyib. Rüfət Cavadov ticarət mərkəzində əsasən qadın müştərilərə qarşı soyğunçuluq edib.
Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əhməd
Şərhlər