Azərbaycan çempionatının son turunda "Sabah"a uduzan (1:3) "Sumqayıt"ı bu həftəsonu "Araz-Naxçıvan"la çətin oyun gözləyir. Baş məşqçi Samir Abasovu komandadakı itkilər və yorğunluq qayğılandırır.
Bu barədə Fanat.Az-a danışan təcrübəli mütəxəssis düşərgədəki ab-havanı belə çatdırıb:
"Təbii ki, hər bir məğlubiyyət futbolçulara mənfi təsir göstərir. Bunu bilirik və ab-havanı düzəltməyə çalışırıq. İnşallah, növbəti oyunda qələbəyə köklənmişik. Baxmayaraq ki, heyətdə itkilər var. İsa Sulimanın zədəsi düşündüyümüzdən də ciddidir və çox güman, mövsüm onun üçün başlamamış bitib. Onjn Konfrans Liqasındakı ilk matçımızdan bir həftə əvvəl sıradan çıxması müdafiəmizdə problemlər yaratdı. Bundan başqa, Roi Kehart da zədəlidir. Çox güman, "Araz-Naxçıvan"la görüşdə olmayacaq".
"Kimyaçılar"ın baş məşqçisi millinin oyunlarına görə yaranacaq fasiləni səbirsizliklə gözləyir: "Təlim-məşq toplanışından dərhal sonra avrokubokda iştirakımız, mübarizəni erkən dayandırmağımız səbəbindən yaranan psixoloji gərginlik, heyətdəki itkilər - bunlar yorğunluğa səbəb olub. Millinin oyunlarına görə çempionatda yaranacaq fasilə dönəmi bərpa olunmağımıza imkan yaradacaq. Həmçinin, yeni transferimizi komandaya adaptasiya etməyə, formasındakı çatışmazlığı qaydasına qoymağa fayda verəcək. Bu bir-iki turu bacardıqca itkisiz başa vurmalıyıq".
Bu arada Samir Abasovun "Sabah"la oyundan sonra "Neftçi" barədə açıqlaması ictimaiyyətdə kifayət qədər müzakirəyə səbəb olub. O, yayda adının hallandığı "ağ-qaralar"dan təklif alıb-almadığı haqda suala qeyri-müəyyən cavab ("Sumqayıt"la müqaviləm var, şəhərimin komandasını atıb gedə bilməzdim" - red.) vermiş, bu da əlavə şübhələrə yol açıb. Abasov bu dəfə bizim konkret sualımıza tam aydınlıq gətirdi: "Yayda "Neftçi"dən təklif almışdım? Əvvəlcə onu deyim ki, "Neftçi"yə dərin hörmətlə yanaşıram, çünki ölkənin ən böyük klublarından biridir. Mən də vaxtilə bu komandanın baş məşqçisi olmuşam, birlikdə böyük uğurlar qazanmışıq. Klubda çalışan insanlarla da əla münasibətlərim var. Amma bu mövzuda sonuncu dəfə sizə danışıram, daha bu barədə sual eşitmək istəmirəm. Çünki fikirlərim düzgün anlaşılmır, konteksdən çıxarılır. Yayda "Neftçi"dən heç kim mənimlə əlaqə saxlamayıb, rəsmi görüş-filan olmayıb. Digər məşqçilər kimi, mənim də adımın namizəd kimi göstərildiyini eşitmişəm. Bəlkə də mənə maraq olub. Amma o ərəfədə rəsmi təklif alsaydım belə, mən "Sumqayıt"ı atıb getməzdim, bu, yaxşı çıxmazdı. Bu hərəkət Samir Abasova yaraşmazdı. Təsəvvür edin, Konfrans Liqasındakı uğursuzluqdan sonra komandanı o vəziyyətdə qoyub gedirəm, camaat haqqımda nə düşünər? "Neftçi" olmasın, başqa komanda olsun, təklif alsaydım da getməzdim. Baxmayaraq ki, "Neftçi" "Neftçi"di, həmişə qəlbimdə yeri var və Azərbaycanın top klubudur".
Şərhlər