Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində olan "Baby Land" uşaq oyuncaqları mağazasında külli miqdarda oğurluq hadisəsi olub.
Qaynarinfo-nun məlumatına görə, hadisənin 1985-ci ildə Bakıda doğulmuş, həmin mağazada satıcı işləyən Həmid Məmmədov (soyad şərti) tərəfindən törədilməsi məlum olub.
Həmid ticarət mərkəzində yerləşən "Engin" mağazasının müdiri, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Sahil Cəfərovla (soyad şərti) əlbir olaraq oğurluq hadisəsini törədib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Baby Land" uşaq oyuncaqları mağazasının sahibi, iş adamı Süləddin adlı şəxsdir. O, mağazada satıcı işləyən Həmidə və bacısı oğluna obyektin açarlarını etibar edib. Həmid də Sahillə birləşərək Sülhəddinin xaricdə olmasından istifadə edərək mağazadan külli miqdarda uşaq oyuncağı oğurlayıb. Oğurlanan uşaq oyuncaqları Sumqayıt şəhərində yerləşən "Oyuncaqçı Store" adlı mağazada və digər yerlərə ucuz qiymətə satılıb.
"Engin" mağazasının müdiri Sahil məhkəmədə özünü günahkar bilmədiyini və Həmid tərəfindən ona ucuz satılan uşaq oyuncaqlarının oğurluq olduğunu bilmədiyini deyib.
"Baby Land" uşaq oyuncaqları mağazasının sahibi Sülhəddin ifadəsində deyib ki, mağazada olan əmlakın hamısı ona məxsusdur və heç bir şəriki yoxdur. Həmidin mağazada işlədiyi müddətdə nümunəvi işçi olduğuna görə ona açarları etibar edib.
Məhkəmənin qərarı ilə "Engin" mağazasının müdiri Sahilə 2 il 11 ay 26 gün, Həmidə isə 1 il 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sonuncu məhkəmə zalından azad edilib. Hər iki şəxs cəza aldıqları müddət ərzində "elektron qolbaq"da gəzəcəklər.
Aydın
Şərhlər