"Rabitə işi" çərçivəsində həbs edilən keçmiş məmurlar Vidadi Zeynalov, Beytulla Hüseynov və Məhəmməd Məmmədov müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına çalışır.
Qaynarinfo-nun məlumatına görə, bu işdə əsas iddiaçı kimi adıçəkilən şəxslərin ailə üzvləri çıxış edir.
Onlar əmlakların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət ediblər. Lakin birinci instansiya məhkəməsini və apellyasiya mərhələsini uduzublar.
Bununla belə, Vidadi Zeynalov, Beytulla Hüseynov və Məhəmməd Məmmədovun ailə üzvləri iddialarından geri çəkilmək niyyətində görünmür.
Məlumata görə, onlar Ali Məhkəməyə müraciət edib. Onların kassasiya şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq.
Vidadi Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) aparat rəhbəri, Beytulla Hüseynov "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sədri, Məhəmməd Məmmədov isə "Aztelekom" MMC-nin baş direktoru vəzifəsində çalışıb.
Hər üç şəxs 2015-ci ildə "Rabitə işi" çərçivəsində korrupsiya cinayətlərində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədova isə 5 il 7 ay 19 gün şərti cəza verilib.
Məhkəmənin qərarı ilə hər üç şəxsin əmlakları müsadirə edilib. Vidadi Zeynalovla Beytulla Hüseynov 2019-cu ildə azadlığa buraxılıb.
Seyid
Şərhlər