"Saakaşvilinin bu sayaq çağırışlarına rəğmən oktyabr seçkiləri də mövcud iqtidarın hakimiyyətdə qalması ilə nəticələnəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasına müraciətini şərh edərkən deyib.
Mehman Əliyev vurğulayıb ki, Saakaşvilinin bu çağırışı oktyabrda olacaq seçkilərə hesablanmış addımdır:
"O, həm də bununla yenidən siyasi səhnəyə qayıtdığını nümayiş etdirməklə iqtidarın mövqeyini zəiflədəcəyini, müxalifətin isə nüfuzunu artıracağını düşünür. Ancaq Saakaşvilinin iddia etdiyi kimi, seçkilərdə müxalifətin 70 faiz səs toplaya bilməsi ehtimalı yox dərəcəsindədir. Oktyabr seçkilərinin nəticələri də mövcud iqtidarın hakimiyyətdə qalması ilə nəticələnəcək. Yəni Saakaşvilinin Vahid Milli Hərəkatın İdarə Heyəti sədrliyinə gətirilməsi belə Gürcüstanda hakimiyyət dəyişikliyinə rəvac verməyəcək".
Ekspert düşünür ki, Gürcüstan parlamentində müzakirəyə çıxarılan "xarici agentlər haqqında" qanun müxalifətin aktivləşməsinə stimul verib:
"Amma indiki situasiyada bu, o cümlədən Saakaşvilinin partiyanın İdarə Heyəti sədrliyinə gətirilməsi belə ölkənin siyasi qüvvələr nisbətindəki vəziyyəti dəyişməyəcək. Düşünürəm ki, sözügedən qanun da qəbul edilməyəcək. Ola bilsin hakimiyyət onu bilərəkdən ortaya atıb ki, vətəndaş cəmiyyəti etirazlara başlasın, sonra da geri çəkilib müxalif qüvvələrin seçkilərdə passiv rol oynamalarına nail olsun".
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Vahid Milli Hərəkat Partiyasına müraciət edərək, İdarə Heyəti yaratmağı və onu sədr təyin etməyi xahiş edib:
"Mən Vahid Milli Hərəkat Partiyasından xahiş edirəm ki, yaxın günlərdə partiyanın İdarə Heyətini yaratsın və İdarə Heyətinin sədri vəzifəsinə mənim namizədliyimi irəli sürsün".
Siyasətçi müxalifət qüvvələrinə oktyabrda keçiriləcək parlament seçkiləri üçün birləşməyi tövsiyə edib. Onun fikrincə, müxalifət 70 faiz səs toplamaq iqtidarındadır.
Rüfət Sultan
Şərhlər