Xəbər lenti

Rusiyanın Ukraynada referendumu niyə təxirə salır? - Politoloq
Dünya 14:58 06.09.2022

Rusiyanın Ukraynada referendumu niyə təxirə salır? - Politoloq

Rusiya tərəfindən işğal olunmuş Xerson vilayəti bu ölkəyə "birləşmək” üçün planlaşdırdığı referendumu təxirə salmalı olub. Bunu işğal olunmuş regionun "hərbi-mülki adminstrasiya rəhbərinin müavini” Kiril Stremousovun mətbuata verdiyi açıqlaması təsdiqləyir. 

O bildirib ki, Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukraynanın Xerson vilayəti Rusiya Federasiyasına birləşmək üçün referendum keçirməyə hazırdır, lakin hələlik təhlükəsizlik vəziyyəti ilə əlaqədar fasilə verir: "Biz səsverməyə hazırlaşırdıq, yaxın vaxtlarda referendum keçirmək istəyirdik, lakin indi baş verən bütün hadisələrə görə hesab edirəm ki, hələlik fasilə verəcəyik. Bu, başa düşüləndir, çünki biz tələsmirik və əsas vəzifəni yerinə yetiririk - əhalini qidalandırmaq, əhalini qorumaq”. 

Stremousov həmçinin bildirib ki, Ukrayna Baş nazirinin müavini İrina Vereşukun təhdidləri referenduma mane olmayacaq. Bundan əvvəl Ukrayna rəsmisi işğal olunmuş ərazilərin sakinlərini referendumda iştiraka görə əmlakları müsadirə olunmaqla 12 ilədək həbs cəzası gözləyə biləcəyini deyib. "Fürsətdən istifadə edərək İrina Vereşuka çatdırmaq istərdim. İrina Vereşuk, sizin Xerson vilayəti ilə heç bir əlaqəniz yoxdur.  Bu, azad edilmiş ərazidir və orada etdiyiniz hər şey, o cümlədən təhdidlər sadəcə mənasız bir qışqırıqdır ", deyə Stremousov cavab verib. 

Xatırladaq ki, avqustun sonundan Ukrayna Ordusu Xerson yaxınlığında əks-hücuma keçib. Əks-hücum nəticəsində Ukrayna silahlı qüvvələri Xerson vilayəti də daxil ölkənin cənub və şərqində bir neçə yaşayış məntəqəsinin və hakim yüksəklikləri azad edib. Görünən odur ki, Ukraynanın Xerson istiqamətində əks-hücumu həm rus ordusunu, həm də burada onların əlaltıları olanları çətin vəziyyətə salıb. Ona görə də onlar Xersonu Rusiyaya "birləşdirmək” kimi avantürist və qanunsuz planlarından geri çəkilməli olublar. Ukrayna Ordusu Xerson istiqamətində irəliləyərək, əyaləti tamamilə azad etdikcə, işğaçıların bu çirkin niyyəti də büsbütün iflasa uğrayacaq.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Natiq Mirinin fikrincə, Xersonla bağlı keçirmək istədikləri referendumun dayandırılması Kremlin bu oyununun boşa çəxmasının nəticəsidir:



"İşğal olunmuş ərazilərdə referendumların keçirilməsi əslində bu ərazilərin ilhaqının legitimləşdirilməsinə cəhddir. Referendum keçiriləndən dərhal sonra Rusiyaya müraciət olunacaq ki, guya yerli əhali bu ölkəyə birləşmək istəyir. Burada əsas məqsəd odur ki, sonradan Ukrayna işğalda olan bu ərazilərini geri qaytarmaq üçün əks-hücum əməliyyatına keçəcəyi təqdirə, bu ərazilər saxta referendumla Rusiya ərazisi sayıldığından Moskva guya nüvə silahından istifadə üçün hüquqi zəmin və ciddi təzyiq imkanı qazanacaq. Bu bir siyasi manipulyasiya və yalandır. 

Həmin ərazidə heç bir seçkidən söhbət gedə bilməz. Əhalinin əksəriyyəti ərazini tərk edərək, Avropaya, Ukraynanın digər ərazilərinə köç edib. Rusiya tərəfindən Rusiyaya aparılıb. Yalnız kiçik hissə indi həmin ərazidə qalmaqdadır. Rusiya nüvə silahından istifadə üçün bəhanə axtarır. Bu bəhanəyə yol verməmək üçün də Ukrayna Xersonun azad edilməsi istiqamətində ciddi fəaliyyətə başlayıb. Rus ordusunu təchizatla təmin edəcək bütün yollar məhv edilir. Nəticədə Dnepr çayının sol hissəsində 2 minlik rus qoşunu müasirə vəziyyətindədir. 

Saxta referendum oyununun baş tutmamasının nəticəsidir ki, Kreml əlaltıların dililə referendum məsələsinin təxirə salındığını bildirir. Artıq Xersonda yaşayan əhali belə prosesdə iştirakdan çəkinir. Çünki yaxın zamanda şəhərin azad olunma ehtimalı böyükdür. Belə olanda isə şəhərdə yaşayan xəyanətkarlar hüquqi məsuliyyətə cəlb olunacaqlar. Rusiyanın bu oyunu alınmır”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->