Xəbər lenti

Rusiya öz dəstəkçiləri ilə sülh konfransı keçirmək istəyir: Plan baş tutacaqmı?
Dünya 11:41 18.07.2024

Rusiya öz dəstəkçiləri ilə sülh konfransı keçirmək istəyir: Plan baş tutacaqmı?

"Sergey Lavrovun açıqlaması göstərir ki, Rusiya Ukrayna məsələsində Kremlə dəstək verən ölkələrin iştirakı ilə alternativ toplantı keçirmək istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya XİN-in rəhbəri Sergey Lavrovun Ukrayna məsələsində Çin və Braziliya daxil bir sıra ölkələrin bütün tərəflər üçün məqbul sayılacaq prinsiplər üzrə sülh konfransının keçirilməsinin tərəfdarı olduğunu söyləməsinə münasibət bildirərkən deyib.

Arif Əliyev bildirib ki, bu müstəvidə tərəflər razılıq əldə etməyəcəklər:

"Əslində, razılığa doğru getmirlər də. Bəlkə də onu ümumiyyətlə istəmirlər. Açıq aydın görünür ki, indiki vəziyyətdə hər iki tərəfi razı sala biləcək format yoxdur. Ən azından Macarıstan baş naziri Viktor Orbanın Moskva səfərinə göstərilən reaksiya buna sübutdur. Sadəcə, tərəflər arasında hələlik güc toplaması və söhbətin uzadılması prosesi gedir". 

Ekspert bildirib ki, Rusiya mövqeyindən geri çəkilmir:

"Ukrayna isə deyir ki, Rusiya ərazilərdən çıxmasa heç bir sülh olmayacaq". 

Ekspert qeyd edib ki, tərəflərin bir-birinə zidd mövqeləri fonunda hələlik ortaq nöqtə yoxdur:

"Bu da özünü belə format oyunlarında göstərir. Tərəfləri problemin konfranslar şəklində həll ediləcəyinə hazır olduqlarını hələlik görmürəm". 

Arif Əliyev düşünür ki, Ukrayna ilə bağlı İsveçrənin ardınca Səudiyyə Ərəbistanda keçirilməsi gözlənilən ikinci tədbir baş tutacaq: 
 


"Amma məhdud formatda olacaq. Yəni müharibədə iştirak edən bütün tərəflərin iştirakı olmayacaq. Yalnız Ukraynaya dəstək verən ölkələrin iştirakı ilə bu tədbir keçiriləcək. Ona cavab olaraq Rusiya da bu və ya digər dərəcədə özünün mövqeyinə dəstək verən ölkələrin iştirakı ilə belə bir toplantı keçirmək istəyir".

Moskvanın bu niyyəti baş tutarsa, ekspert Azərbaycanın orada iştirakını məqbul hesab etmir: 

"Azərbaycan bu prosesdə ehtiyatlı davranmalıdır. İstənilən halda Rusiyanın oyunlarına gedə bilmərik. Çünki prosesin hansı həddə gəlib çıxacağı sual altındadır. Əslində bəllidir. Rusiya şirin dillə başlasa da, sonda çomağın o biri tərəfini çevirir. Dəfələrlə bunun şahidi olmuşuq. Ona görə də Azərbaycan heç bir halda Rusiyanın planlarına uymamalıdır. Moskvanın təşəbbüslərinə ehtiyatla yanaşmalıyıq".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin və Braziliya daxil olmaqla bir sıra ölkələrin bütün tərəflər üçün məqbul sayılacaq prinsiplər üzrə sülh konfransının keçirilməsinin tərəfdarı olduğunu bildirib. 

Xatırladaq ki, iyunun 17-18-də Ukraynada sülhün əldə edilməsi üzrə İsveçrədə keçirilən sammitdə 80-ə yaxın ölkə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Onu da vurğulayaq ki, həmin tədbir Rusiyanı iştirakı olmadan keçirilib. Bu istiqamətdə ikinci sammitin Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilir ki, tərəflər həmin tədbirə Rusiyanı da dəvət etmək istəyirdilər. Lakin bu yaxınlarda Kreml belə bir tədbirdə iştirak etməyəcəyini bəyan edib. Ardınca Lavrovun açıqlamasından belə görünür ki, Moskva İsveçrə sammitinə alternativ  toplantı keçirməkdə maraqlıdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->