Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə bildirir ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat
yayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən İctimai Televiziyanın efirində bildirib ki, sentyabrın 13-də baş verən qarşıdurma, eləcə də Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqləri çərçivəsinə daxildir. Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur.
"Bu, geniş kontekstdir, belə demək mümkünsə, Ermənistan ərazisindən keçən dəhliz məntiqində hansısa yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstindədir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, sentyabrın 13-də eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”, - Qriqoryan bildirib.
Aparıcının "bütün bunların dəhliz naminə edilirmi” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib:
"Həm də bunu üçün. Başqa sözlə, Ermənistan ərazisindən ekstraterritorial dəhliz üçün”.
"Laçında olan təzyiqlər həmin məsələ ilə bağlıdır” sualına Qriqoryan belə reaksiya verib: "Təbii ki, bütün təzyiqlər buna görədir”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi də ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib. Qriqoryan bəyan edib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi Konstitusiyaya görə, Ermənistanın suveren dövlət olduğunu və belə qalacağını, suverenliyin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb.
"İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt ona müqavimət göstərsə, o, hərbi güc formasında başqa cür təzyiqlərə məruz qalır”, - deyə Armen Qriqoryan bildirib.
Nizami Bağırov
Şərhlər