Xəbər lenti

Şri-Lanka Ukraynaya döyüşə göndərilən vətəndaşlarına görə Rusiyadan təzminat tələb etdi
Dünya 18:28 28.06.2024

Şri-Lanka Ukraynaya döyüşə göndərilən vətəndaşlarına görə Rusiyadan təzminat tələb etdi

Moskvaya səfərə gələn Şri-Lankanın xarici işlər naziri Taraka Balasuriyanın başçılıq etdiyi nümayəndə heyəti Ukraynadakı müharibədə həlak olan və yaralanan şri-lankalıların ailələrinə təzminat tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Şri-Lankanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, nümayəndə heyəti iyunun 26-27-də Rusiyada olub və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko, eləcə də müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşlər keçirib.

Danışıqlarda əsas diqqət müharibədə həlak olan 17 Şri-Lanka vətəndaşı, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi, itkin düşmüş şəxslərin axtarışı, eləcə də müharibəyə cəlb edilən Şri-Lanka vətəndaşlarının müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və mükafatların ödənilməsi məsələləri olub.

Rusiya Xarici İşlər Nazirliyi Şri-Lankadan olan nümayəndə heyəti ilə görüş barədə məlumat verib, lakin danışıqlar zamanı qaldırılan mövzulara dəqiqlik gətirməyib.

Xatırladaq ki, may ayında Şri-Lanka prezidenti Ranil Vikremesinqhe ölkə vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakını araşdırmaq üçün Rusiyaya xüsusi nümayəndə heyəti göndərilməsi barədə göstəriş verib. Şri-Lanka Xarici İşlər Nazirliyi bildirib ki, nümayəndə heyəti bütün Şri-Lankalıları vətənlərinə qaytarmağa çalışacaq.

AFP-nin məlumatına görə, Şri-Lanka vətəndaşlarını aldadaraq müharibəyə cəlb ediblər: onlara müntəzəm iş vəd edib və 2,1 min dollar maaş, həmçinin Rusiyada torpaq və vətəndaşlıq təklif ediblər.

Ölkə polisi Rusiyaya muzdlu əsgərlər cəlb edən iki istefada olan generalı həbs edib. Bundan əlavə, onlara maddi-texniki təminatda köməklik edən daha 6 nəfər saxlanılıb. Həbs edilənlərin hamısına "ağır cəzalar” vəd edilib.

Ümumilikdə, Şri-Lankanın hakimiyyət orqanlarına Rusiya ordusuna cəlb olunanların qohumlarından ən azı 288 şikayət daxil olub. O da məlumdur ki, ən azı 22 ölkə vətəndaşı fərarilik edib vətənlərinə qayıda bilib.

Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan qeyd edib ki, Moskva hər hansı əcnəbinin könüllü olaraq Rusiya silahlı qüvvələrinə qoşulmaq istəməsinin əleyhinə deyil. O, bunu Ukrayna tərəfində xeyli sayda muzdlu əsgərin döyüşməsi ilə izah edib. "Niyə yalnız Rusiyadan danışırsınız? Niyə Ukraynadan danışmırsınız?” – Caqaryan soruşub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->