Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.
Qaynarinfo xəbər verir ki, ictimai fəal müraciətində barəsindəki cinayət işinin məhkəmə istintaqından şikayətlənib:
"Qanunvericiliyə əsasən, məhkəmədə baş verən hüquq pozuntularından yalnız üst instansiya məhkəməsinə məhz həmin hakimlər (pozuntuya yol vermiş) vasitəsi ilə şikayət verilməlidir. İndiki halda hüquq mənə yalnız bir qanuni yol göstərir: hüquqlarımı pozan hakimlərdən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmək.
Öz növbəmdə mən baş vermiş hüquq pozuntusu ilə bağlı əsaslandırılmış şikayət ərizələri hazırlayaraq işimə baxan hakimlərə təqdim etdim. Hakimlər Kollegiyası ərizəmi aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə hüquqi qiymət verilməsi üçün göndərmək əvəzinə baxılmamış saxlanılması barəsində qərar çıxardılar.
Yeri gəlmişkən, baş vermiş qanun pozuntularından birini qeyd etmək istəyirəm. 01 iyun 2022-ci il tarixində məhkəmə mənim barəmdə həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxardı. Hansı ki, mən başqa işə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və bu əsasla həbsdə saxlanılıram. Qanuna əsasən, bir şəxs barəsində yalnız bir dəfə həbs qərarı çıxarıla bilər. Üzərimdə məhkəmə hökmü qüvvədə ola-ola Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən yenidən eyni məzmunlu qərar qəbul edilməsi kobud qanun pozuntusu və mənə qərəzli münasibətin təzahürü idi.
Haqlı olaraq bu qərardan da şikayət yazaraq baxılması üçün həm birbaşa, həm də işimə baxan hakimlər vasitəsilə aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladım. Üzərindən 3 aydan çox zaman keçməsinə baxmayaraq, hələ də Bakı Apellyasiya Məhkəməsindən cavab ala bilmirəm. İşimə baxan hakimlər də "o şikayət baxılmamış saxlanılıb” deyirlər. Qanun pozuntuları da davam edir və tələsik məhkəmə prosesini yekunlaşdırmağa çalışırlar”.
Ramin Hacılı sonda Ombudsmandan onunla bağlı baş verənləri ölkə rəhbərliyinin diqqətinə çatdırmağı xahiş edib:
"Bilirəm ki, Sizin məhkəmənin işinə müdaxilə etmək səlahiyyətiniz yoxdur. Ancaq Siz ölkə rəhbərliyinə həqiqətləri deyə, bir vətəndaş kimi mənim yaşadıqlarımdan dövləti agah edərək yardımçı ola bilərsiniz.
Sizdən xahiş edirəm ki, üzləşdiyim haqsızlıqlar barəsində məndən ətraflı məlumat alınması və ölkə rəhbərliyinə məruzə edilməsi üçün göstəriş verəsiniz. İnanıram ki, öz hüquqlarımı doğma vətənimdə bərpa etməyimə yardımçı olacaqsınız və bu müsbət nümunə olacaq”.
Seyid
Şərhlər