Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyi elan olunub.
Rafael Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin olunmayaraq, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib. İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Şərhlər