Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib.
Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208 saylı orta məktəbi bitirib.
1952-1957-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın aspirantı olub. "Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik dissertasiyası müdafiə edib. O, 1964-cü ildə Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarda iştirak,
1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik edib. 1983-cü ildə "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, 1958-1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunun əməkdaşı olub. 1977-ci ildən BDU-nun Ümumi tarix, Qədim dünya və orta əsrlər tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında çalışıb. Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak edib. Son illərdə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru kimi çalışıb.
Qüdrət İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış alim Beynəlxalq Arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan Prezidenti yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya Arxeoloqlar Cəmiyyətinin Azərbaycan bürosunun üzvü idi.
O, 200-dən artıq elmi məqalə və monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifi olub.
2 elmlər doktoru və 7 elmlər namizədi yetişdirib.
Allah rəhmət eləsin.
Şərhlər