"Qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac var”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Mingəçevir şəhərində keçirilən "QHT-lərin birinci inkişaf və mübadilə proqramı”nın açılış mərasimində bildirib.
Vüsal Quliyev qeyd edib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var:
"Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də sistemli xarakter almamış, ehtiyaclara uyğun təşkil edilməmişdir. Yalnız "QHT Məktəbi” proqramı davamlılığını təmin edə bilmişdir. Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin, onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər. Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyindən və layihələrin keyfiyyətsiz yazılışından donor haqlı qərar qəbul edib”.
” Bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir. "QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər”,- deyə V.Quliyev əlavə edib.
Şərhlər