Bu gün Fransanın koloniyası olan Yeni Kaledoniyada baş verən etiraz aksiyalarının vətəndaş müharibəsi səviyyəsinə çatmasının səbəbi rəsmi Paris tərəfindən yerli əhalinin həddən artıq istismar edilməsidir.
Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda-Sakit Okeanda Avstraliya materikinin yanında, 18,6 min kvadratkilometrlik əraziyə və 270 min əhaliyə malik adalar qrupudur. Bu adalar qrupu 1774-cü ildə dövrünün tanınmış səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub. Fransa 1853-cü ildə Yeni Kaledoniyanı özünün ərazisi elan edib. Zaman-zaman Yeni Kaledoniyada istismarçılığa qarşı etirazlar baş verib və bu səbəbdən də 1946-cı ildə Fransanın "xaricdəki ərazisi”, 1998-ci ildə isə "xüsusi statusu” olan "xaricdəki ərazisi” elan edilib. Adada Fransanın hərbi hissələri də yerləşir.
Yeni Kaledoniya faydalı qazıntılarla çox zəngindir. Burada tükənməz xrom, kobalt, molibden, mis, qızıl və nikel yataqları var. Yer kürəsində mövcud olan nikelin 11 faizi yeni Kaledoniyada yerləşir.
Bugünkü etirazların əsl səbəbi minlərlə miqrantın səs verməsi üçün Fransa Senatının konstitusiyaya düzəlişlər etməsi səbəb olub. Bu ilin aprel ayında Senat Yeni Kaledoniyada 10 ildən çox yaşayanlara seçki hüququ verdi ki, bu da qalan əhalinin etirazına səbəb oldu.
Rəsmi Paris 1980-cı illərdən başlayaraq fransızların adaya köçüb yaşaması üçün böyük imkanlar yaradıb. Onlar vergilərdən azad edilib, biznes üçün şərait yaradılıb və sair. Beləliklə 2023-cü ildə fransızların sayı yerli əhaliyə nisbətdə 60 faiz təşkil etdi. Qalan 40 faiz isə kanak adlanan yerli tayfalardan ibarətdir ki, onlar da işsizlik, sosial vəziyyətin ağırlığından əziyyət çəkirlər. Yeni Kaledoniyada münbit torpaqlar, şirkətlər, faydalı qazıntılar, daşınmaz əmlak, bir sözlə milli sərvətlərin 80 faizi fransızlara məxsusdur.
Yeni Kaledoniyaya daxil olan adalar Fransanın xam mal bazası hesab edilib. Fransa Yeni Kaledoniyadanı ağac, nikel, xrom, mis, Taiti-Polineziyadan subtropik meyvə, dəniz məhsulları, Qvianadan qızıl, qiymətli ağac növləri, şəkər çuğunduru, Martinka, Mayotta, Qvadelupa və Reynuon adalarını isə subtropik meyvə, kofe, dəniz məhsulları və digər xam mal bazası kimi istifadə edib. Bunların müqabilində isə yerli əhali işsizlik və yoxsulluqdan əziyyət çəkib.
Nəhayət, mayın 13-də yerli əhali etiraza qalxdı və əhalinin səsi eşidilmədi. Fransa hökuməti etirazlardan nəticə çıxarıb özünün hesab etdiyi adanın insanlarının problemini həll etmək əvəzinə başqa dövlətləri, o cümlədən Azərbaycanı ittiham etməyə başladı. Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki etirazçılar benzindoldurma məntəqələrini, böyük marketləri, inzibatı binaları yandırdılar.
"Le Fiqaro” qəzeti Yeni Kaledoniyada baş verənləri vətəndaş müharibəsinin başlanğıcı adlandırıb ki, bu da təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yandırılan və dağıdılan mağaza və müəssisələrin hamısı yerli əhaliyə yox, gəlmə fransızlara məxsusdur. Adada doğulub illərlə burada yaşayan yerli əhalinin bir parça çörək tapa bilmədiyi halda Fransadan gələnlər bütün milli sərvəti daşıyıb aparır. Əlbəttə ki, belə vəziyyətin sonu ancaq vətəndaş müharibəsinə gətirib çıxarar.
"Fransanın parçaları” (La France en miette) kitabının müəllifi, akademik Benjamin Morel yazıb ki, Kaledoniyada baş verənlər illərlə yığılıb qalan problemlərin rəsmi Paris tərəfindən inkar edilməsinin nəticəsidir: "Biz etiraf etməliyik ki, Yeni Kaledoniyanın problemlərini həll etmədik, onları dondurub saxladıq və daha təhlükəli vəziyyətə gəlib çıxmasını seyr etdik”. Akademik Fransa hökumətinin vaxtı ilə Yeni Kaledoniyada insanların səsvermə hüququndan məhrum etməsini yanlış hesab edir. Akademik nəzərə çatdırıb ki, bu etirazlar bütün koloniyalara yayılacaq, o cümlədən Korsikaya da təsir edəcək. Alim bildirib ki, problemləri inkar etmək həmişə təhlükəli tendensiya olub.
Fransa mətbuatı rəsmi Parisin Yeni Kaledoniyada baş verənlərə görə Rusiya və Azərbaycanı ittiham etməsini gülməli adlandıraraq qeyd edir ki, problemlər yenə də inkar edilir. Bu da vəziyyəti nəinki düzəltməyəcək, əksinə, etirazlar, Korsika və Qvianaya da yayılacaq.
Benjamin Morel vurğulayıb ki, problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə "xüsusi statusu” olan "xarici ərazilərdir”.//Azertac.az
Şərhlər