Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyev deyib:
- Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün Azərbaycanda dövlət səfərində olan əziz dostumuz və qardaşımız Sadır Nurqojoyeviç Japarovu salamlamağa şadıq. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.
İndicə münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Sadıq Nurqojoyeviç ilə imzaladığımız Birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.
Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün Fonda 40-dan çox müraciət daxil olub. Ona görə də, düşünürəm ki, 100 milyon dollar da son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik.
Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.
Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.
Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik.
İkitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir.
Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.
Hörmətli Sadır Nurqojoyeviç, bir daha xoş gəlmisiniz. Sizə, Qırğızıstandan gələn bütün dostlarımıza Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram.
Sağ olun.
Sonra Qırğızıstan Prezidenti mətbuata bəyanatla çıxış edib.
Prezident Sadır Japarov deyib:
- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Xanımlar və cənablar.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Azərbaycanlı qardaşlarımıza ənənəvi səmimi qonaqpərvərliyə və səmimi qəbula görə nümayəndə heyətimizin adından minnətdarlığımı bildirirəm. Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.
Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışıqlar apardıq, iki ölkənin müxtəlif nazirliklərinin rəhbərlərinin hesabatlarını dinlədik. İclasın yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul olundu. Vurğulamaq istəyirəm ki, danışıqlar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir. Görüşümüzün yekunlarına dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamə imzalandı. Bu sənədin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.
Biz Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyət perspektivlərini müzakirə etdik, Azərbaycan tərəfindən İssık-Kul gölünün sahilində beşulduzlu otelin tikilməsi məsələsinə toxunduq, Ağdam rayonunda Qırğızıstan tərəfindən orta məktəb binasının tikilməsini nəzərdən keçirdik. Məktəbin tikintisi Qırğızıstanın münaqişədən zərər çəkmiş regionlarda sülhün bərpasına töhfəsidir. Sabah məktəbin tikintisinə başlamazdan əvvəl onun təməlinin qoyulmasını planlaşdırırıq.
Bundan başqa, iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan birgə hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə olundu. Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üzrə mövcud məsələlərin müzakirəsi və inkişafı üçün səmərəli platformadır. Danışıqlar əsnasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olundu.
Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.
Biz bu həftə Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Günləri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məmnunluq ifadə etdik. Dünyaşöhrətli məşhur yazıçı, qırğız xalqının və Türk dünyasının oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığımızı bildiririk. Bu gün Bakı şəhərində onun heykəlini açmağı planlaşdırırıq.
Bu il Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşıdakı tədbirləri müzakirə etdik. Mən hörmətli İlham Heydər oğlunu təbrik etdim və fürsətdən istifadə edərək bütün qardaş Azərbaycan xalqını qlobal miqyaslı tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi hüququnu əldə etdiyinə görə təbrik edirəm. Həqiqətən bu, mühüm hadisədir və biz ürəkdən şadıq ki, qardaş ölkə belə irimiqyaslı tədbirə ev sahibliyi edir.
Sonda bugünkü danışıqların nəticələrindən və əldə olunmuş razılaşmalardan məmnunluğumu vurğulamaq istəyirəm. Onlar dövlətlərimizin bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naminə dostluq münasibətlərini hərtərəfli möhkəmləndirmək əzmini açıq şəkildə nümayiş etdirir.
Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə bir daha dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycan xalqına sülh və gələcəkdə də tərəqqi arzulamaq istəyirəm.
Təşəkkür edirəm.
13.53
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Şərhlər