Xəbər lenti

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (YENİLƏNİB/FOTO)
Siyasət 18:15 14.10.2024

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (YENİLƏNİB/FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək, səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf hissi duyduğunu deyən Julyen de Frepon fəaliyyəti dövründə ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən iqtisadi və siyasi sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirdi.

O, eyni zamanda, Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və yaşıl enerji sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğuladı.

Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O, Ermənistan-Azərbaycan münasibətləri ilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu dedi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söylədi. O, eyni zamanda, Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın ölkəmizə, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyən Julyen de Frepon ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edərək iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyi məsələsinin müzakirəsi üçün faydalı olduğunu dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirdi. Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlətimizin başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olmuşdur və həqiqətən orada mühüm irəliləyişə nail olunmuşdur. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi.

Prezident İlham Əliyev qeyd etdi ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğuladı ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası "Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, ozamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər. Prezident İlham Əliyev bildirdi ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir. Azərbaycan Prezidenti vurğuladı ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbirli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.

Dövlətimizin başçısı belə bir məqama da toxundu ki, Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Dövlətimizin başçısı vurğuladı ki, əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası "Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Belçika səfiri bu məlumatlara görə təşəkkürünü bildirdi, öz tərəfindən əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğuladı və qeyd etdi ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir.

Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq nəqliyyat yollarının yaradılması sahəsində də fəal iş apardıqlarını məmnunluqla vurğulayaraq, eyni zamanda, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsi işində Azərbaycanın və Qətərin səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.

Vətəndaşlarımızın ölkələrimizə qarşılıqlı səfərlərinə toxunan dövlətimizin başçısı vurğuladı ki, azərbaycanlılar Qətərdə, qətərlilər isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətərin Əmirinə çatdırmağı xahiş etdi.

Səfir vurğuladı ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı dediyi dəyərli fikirlər istiqamətində əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. O, iqtisadi-ticari əlaqələrin önəminə toxunaraq, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etdi.

Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, Qətərin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi.

Dövlətimizin başçısı COP29-la bağlı hazırlıq işlərinin yekun mərhələdə olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı sərmayələr, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimiz arasında hava nəqliyyatının mövcudluğundan və sərnişinlərin mütəmadi artım dinamikasının müşahidə olunmasından məmnunluq ifadə edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu dedi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Beninlə əməkdaşlığı məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Beninin üzv dövlət kimi rolunu qeyd etdi. Bu Hərəkata sədrliyimizin Afrika ölkələri ilə də sıx təmaslar qurmaq üçün yaxşı imkan yaratdığını deyən dövlətimizin başçısı COP29-un da bu ölkələrlə əməkdaşlıq baxımından önəminə toxundu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Afrika ölkələrinin iqlim məsələləri ilə bağlı maraqlarına önəm verir.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi-ticari, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Benin Respublikasının Prezidenti Patris Talonun salamlarını Azərbaycan Prezidentinə çatdırdı və dedi ki, Benin Prezidenti dövlətimizin başçısına dost münasibət bəsləyir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin Prezidentinə çatdırmağı xahiş etdi və məmnuniyyətlə COP29-da Benin dövlətinin başçısını gözlədiyini bildirdi.

COP29 və ölkəmizdə bu tədbirlə bağlı uğurlu hazırlıq işlərinin aparılması münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın noyabrda dünyanın mərkəzinə çevriləcəyini qeyd etdi və COP29-da Beninin yüksək səviyyədə təmsil olunmaq niyyətində olduğunu vurğuladı.

Akambi Andre Okunlola-Biau Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıraraq, ölkəmizin sədrliyi dövründə Afrika qitəsinə xüsusi diqqət göstərilməsini məmnunluqla qeyd etdi.

Söhbət zamanı beynəlxalq təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində Azərbaycanla Benin arasında yaxından əməkdaşlığın aparıldığı vurğulandı, ölkələrimizin BMT-də və onun strukturlarında daim bir-birinin namizədliklərini dəstəklədikləri qeyd olundu.

Azərbaycanın Afrika ölkələri üçün ayırdığı təhsil təqaüdü proqramı çərçivəsində ötən il Benindən də beş tələbənin respublikamızda təhsil aldığını məmnunluqla qeyd edən səfir buna görə təşəkkürünü bildirdi.

Görüşdə Benindən müxtəlif kadrların Azərbaycanda hazırlanması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi, bunun üçün yaxşı imkanların olduğunu dedi.

Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirən Vayno Reynart Bakıya budəfəki gəlişi zamanı paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. O qeyd etdi ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Estoniya ölkəmizlə əlaqələrə önəm verir.

Səfir vurğuladı ki, Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.

İkitərəfli əlaqələrə toxunan Vayno Reynart əməkdaşlığımızın dərinləşdirilməsi baxımından böyük imkanların olduğunu dedi, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf edəcəyinə ümidvarlığını bildirdi.

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolunu vurğuladı.

Siyasi sahədə münasibətləri qeyd edən dövlətimizin başçısı həm ikitərəfli, həm də Avropa İttifaqı və digər beynəlxalq institutlar çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinin vacibliyini vurğuladı. Azərbaycan-Ermənistan sülh prosesinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu prosesin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb. Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirdi, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxundu.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və COP29-la bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.

Siyasi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi. Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda regional siyasətə dair müzakirələrin önəminə toxundu.

Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdrilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki, Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. O, ölkəmizin ticarət, enerji, infrastrukrur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd etdi.

Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlərin aparıldığını bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidenti vurğuladı ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitiləsi ilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.

Dövlətimizin başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək, hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın fəal sürətdə aparıldığını bildirdi və vurğuladı ki, bu da daşımaların həcminin artırılması və rahat sürətdə həyata keçirilməsi işinə xidmət edəcək.

Danimarka səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir etdiklərini diqqətə çatdırdı.

Danimarkanın öz regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə Danimarka şirkətlərinin fəallığına toxunularaq, ölkələrimiz arasında nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi və bu istiqamətdə böyük perspektivlərin olduğu vurğulandı.

Səfir COP29-la əlaqədar təbriklərini çatdırdı və bunun dünyamiqyaslı bir tədbir olduğunu vurğuladı. COP29 çərçivəsində Danimarka ilə Azərbaycanın iqlim üzrə nümayəndə heyətlərinin yaxşı əlaqələrə malik olduğu və konstruktiv şəkildə əməkdaşlıq etdikləri bildirildi, bu sahədə ölkələrimiz arasında birgə təşəbbüslərə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, biznes dairələrinin birbaşa təmaslar qurması, "yaşıl enerji" və "yaşıl texnologiyalar" sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı "yaşıl enerji" məsələsinə toxunaraq, Xəzər dənizini və Qara dənizi birləşdirən "yaşıl enerji dəhlizi”nin yaradılması prosesində ölkəmizin fəallığını qeyd etdi və bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xəttini, həmçinin Mərkəzi Asiya ölkələri - Qazaxıstan və Özbəkistanın Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirən bərpaolunan enerji layihələrini vurğuladı.

Görüşdə Avropa İttifaqının enerji tələbatının artacağı vurğulandı və "yaşıl enerji”yə əsaslanan alternativ enerji mənbəyi kimi formalaşmaqda olan bu dəhlizin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->