Xəbər lenti

Premyer Liqanın gözəlliyi... elə ordan düşməkdir!
Amal Abuşov
İdman 10:52 21.04.2023

Premyer Liqanın gözəlliyi... elə ordan düşməkdir!

Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır. Finişə altı tur qalmış mükafatçıların üçünün də adı bəllidir. "Qarabağ”, "Sabah” və "Neftçi” medalları öz arasında bölüşdürəcək, sonra da Azərbaycan futbolunu avrokuboklarda təmsil edəcəklər. Onlara qoşulacaq dördüncü komandanın adı ölkə kubokunun finalından sonra məlum olacaq.

Bura qədər yazdıqlarım məlum məsələlərdir. Məlum olmayan odur ki, mövsümün sonunda elitanı hansı klub tərk edəcək? Hazırda turnir cədvəlinin sonuncu pilləsində "Səbail” yer alır. "Dənizçilər” keçirdikləri 30 oyunda cəmi 21 xal toplayıblar. Bayıl təmsilçisinə ən yaxın olan "Şamaxı”dır. Bütünlüklə yerli futbolçulardan qurulmuş heyətlə mübarizə aparan "Şamaxı” 22 xalla "Səbail”i üstələyir. 8-ci sıradakı "Sumqayıt” da elitanı tərk etmək qorxusu yaşayır. "Gənclik şəhəri”nin komandası mövsümün ilk iki dövrəsindəki bərbad çıxışı səbəbindən hələ də özünə gələ, elitadakı yerini təmin edə bilmir. Samir Abasovun Aleksey Baqadan təhvil aldığı komanda 25 xalla elitadan ikiəlli yapışmağa çalışır. 7-ci və 6-cı sıradakı qərb təmsilçilərinin, yəni "Kəpəz”lə "Turan Tovuz”un işi nisbətən rahatdır. Onlar böyük ölçüdə öz yerlərini təmin etməyi bacarıblar.

Azərbaycan çempionatının dünyadakı digər birinciliklərdən çox ciddi fərqi var. İllərdir ki, bizim çempionatı heç bir komanda tərk etmir. Klublar yaranır, dağılır, büdrəyir və ayağa qalxır. Amma heç kim aşağı düşmür. AFFA bizim çempionatların ətrafında bir növ qapalı dövrə yaradıb. Son illərdə belə bir ənənə formalaşmışdı. Səkkiz komanda Premyer Liqada bir-biri ilə yarışırdı və mükafatçıların adını müəyyənləşdirir, onları avrokuboklara uğurlayırdılar. Vəssalam. Buna görə də sonuncu pillədən qurtulmamağın heç bir qorxusu yox idi. Fərqi yox idi ki, hansısa klub beşinci olurdu, yoxsa səkkizinci. Bu mövsümdən elitada mübarizə aparanların sayının çoxalmasıyla reqlamenti də dəyişiblər. AFFA İcraiyyə Komitəsi qərar qəbul edib, baş katib Sərxan Hacıyev də israrla bildirir ki, reqlamentə əməl oluncaq və sonuncu yerin sahibi mütləq elitanı tərk edəcək.

Sözün düzü, mən son ana qədər AFFA-nın sözünü tutacağına inanmıram. Onlara nə var? Bir günün içində hər şeyi alt-üst edə bilərlər. Bununla belə düşmə qorxusu yaşayanlar indidən türkün sözü, duyğu sömürəsinə başlayıblar. Əvvəlcə Samir Abasov dilə gəldi. AFFA-nın keçmiş ayıblarına ehyam vuran "Sumqayıt”ın çalışdırıcısı bizim futbolunun özünəməxsus qaydalarla idarə olunduğunu xatırlatdı. Bir növ dedi ki, nə peşəkarlıqdan dəm vurursuz, filan-filan işləri görən siz deyilmisiz?! İndi estafeti "Səbail”in baş məşqçisi Şahin Diniyev ondan qəbul edib. "Səbail”in "Sabah”ı məğlub etməsi ciddi hadisə idi. Amma bu qələbə belə o demək deyil ki, "Səbail” "Sabah”dan yaxşı komandadır və mütləq gələn mövsüm də elitada qalmalıdır. 

Mənim Şahin Diniyevə böyük hörmətim var. Di gəl ki, onun hər mətbuat konfransında "Səbail”də çalışan işçilərin, "evinə çörək aparan” insanların sayını xatırlatmasını, bir növ incə damara vurmağa çalışmasını başa düşmürəm. İndi kimsə evinə pul aparmalıdı deyə, çempionatda rəqabət, reqlament olmamalıdır? Bir də ki, "Səbail” peşəkar klubdusa, nə üçün elitanı tərk edən kimi əməkdaşlarını işsiz qoyur? Əksinə, futbola daha ciddi yanaşmaq, güclənmək və gələn mövsüm daha iddialı qayıtmaq üçün işlər görülməlidir. Uzağa gedib heç İngiltərə, İspaniyaya, Almaniyaya baxmayaq, qonşularımıza boylanaq. Harda görünüb ki, mövsümə bir reqlamentlə başlansın, sonda həmin reqlamentə tüpürüb, sonuncu komandanı elitada saxlasınlar? Harda qaldı idman mübarizəsi, sonuncu olmamaq üçün çalışmaq həvəsi?

Premyer Liqa uşaq bağçası deyil, əzizlərim. Oranın gözəlliyi, ora hörmət qazandıran, oranı qiymətə mindirən elə qaydalara əməl olunması, sonuncunun, yəni elitada oynamağa gücü çatmayanın aşağı diviziona düşməsidir. Özünüzü də, bizi də aldatmayın. Layiq olanlar elitada qalsın!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->