Pentaqon İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbə endirmək niyyəti barədə ABŞ-a məlumat verməməsindən narazıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən yazıb.
"Pentaqon yüksək rütbəli rəsmiləri İsrailin bu ay Suriyadakı İran hədəflərini vurmazdan əvvəl ABŞ-ı xəbərdar etməməsindən məyus olublar", deyə nəşr yazıb.
Mənbə qeyd edib ki, İran obyektinə hücum barədə qabaqcadan xəbərdarlıq Pentaqona həm İsraili, həm də ABŞ qüvvələrini potensial hücumdan qorumağa, o cümlədən göyərtəsində raketdən müdafiə sistemləri olan döyüş gəmilərinin mühafizəsini gücləndirməyə imkan verəcəkdir.
Qəzetin yazdığına görə, ABŞ və İsrail rəsmiləri indi İranın əks hücumuna cavab hazırlamaq üçün öz hərəkətlərini yaxından əlaqələndirirlər.
Bu arada, "Ynetnews"
yazır ki, İsrail Müdafiə Qüvvələri (IDF) və kəşfiyyat (MOSSAD) İranın ölkəyə hücum edəcəyi təqdirdə cavab planı üzərində razılaşıb.
Bir gün əvvəl baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza zolağında müharibəni davam etdirir, eyni zamanda başqa ərazilərdə də ssenarilərə hazırlaşır.
"Ynetnews" məlumatına görə, İsrail hakimiyyəti yaxın günlərdə İrandan mümkün hücumlara hazırlaşır. Tehranın Dəməşqdəki konsulluğa hücuma cavab vermək üçün ilkin planından imtina etməsi İsrail rəhbərliyini təşvişə salıb.
Nəşr qeyd edir ki, "The Wall Street Journal"ın mənbəsi yaxın 1-2 gün ərzində İrandan İsrailin şimal və ya cənubuna mümkün hücum barədə xəbərdarlıq edib. Eyni zamanda, "Axios" Tehranın tədbirlərinin Yaxın Şərqdə eskalasiyanın qarşısını almaq üçün məhdudlaşdırılacağını bildirib.
Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb. Hücum zamanı SEPAH bölməsinin komandirləri - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib. İran prezidenti İbrahim Rəisi zərbəyə tezliklə cavab verəcəyini vəd edib.
Aydın
Şərhlər