Xəbər lenti

Paşinyanın Qərbpərəst siyasəti uğurlu olacaqmı? - Politoloq
Siyasət 13:54 04.05.2022

Paşinyanın Qərbpərəst siyasəti uğurlu olacaqmı? - Politoloq

Ermənistan tarixən Rusiyanın forpostu olub. Bu ölkə müstəqillik əldə edəndən üzü bəri daim Rusiyanın avanpostu rolunda çıxış edib. Məhz bunun nəticəsidir ki, Ermənistanın sərhədlərini belə xarici ölkə qoşunları qoruyur. Ölkədə Rusiyanın hərbi bazası mövcuddur. Moskva bu vəziyyətdən istifadə edərək, İrəvanın Qərbə yaxınlaşmaq istiqamətində atdığı addımların qarşısını hər zaman almağa çalışıb. Bununla belə, artıq bir neçə ildir ki, Ermənistanda Qərbin də aktivləşdiyi hiss olunur.

Hakimiyyətdə olan Nikol Paşinyanın yürütdüyü qərbpərəst siyasət Qərbin bu ölkədə mövqeyinin müəyyən qədər artmasına gətirib çıxarıb. Lakin bununla belə, hələ də, Ermənistan tam olaraq Qərbin nəzarətinə keçməyib. Moskva hələ də Ermənistanı istədiyi səmtə yönəldə bilir, ondan öz məqsədləri naminə yararlanır. 

Heç də təsadüfi deyil ki, İrəvan Ukrayna savaşında əsasən Moskvanın yanında yer alır. Görəsən, bir sıra postsovet ölkələri kimi, Ermənistan da Rusiyaya qarşı açıq demarşa keçə bilərmi? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirir ki, mövcud şərait hələlik Ermənistana tam olaraq Qərbə istiqamət götürməklə Moskvaya qarşı açıq şəkildə çıxmağa imkan vermir:
 
"Nikol Paşinyan hakimiyyətə gələndən əsasən Qərbpərəst siyasət yeridir. Rusiyadan qopub, Qərbə yaxınlaşmaq onun ürəyindəndir. O, hərəkata da bu niyyətlə başlamışdı. Amma ona bu siyasəti tam şəkildə həyata keçirməyə maneə olurlar. Erməni müxalifəti, Moskva, Qarabağ münaqişəsi, Azərbaycanla sülh müqaviləsinin bağlanmaması hələlik Paşinyana bu məsələdə əngəl olur. Erməni müxalifətinə fitva verilən kimi, onlar küçələrə çıxaraq zorakı yollarla Paşinyanın istefasına nail olmağa çalışırlar. Bir sözlə, Paşinyana tam olaraq Qərbə doğru istiqamət götürməyə imkan vermirlər. Şərait hələ bu addımı atmağa imkan vermir. Ona görə də Paşinyan mürəkkəb vəziyyətlə üz-üzədir. Bu səbəbdən də Paşinyan hələ ki, Rusiyaya "can-can”deməyə məcburdur. Şəraitə uyğun realist siyasət yürüdür. Çünki birdən-birə bunu etmək mümkün deyil. İmkan daxilində çalışır ki, addım-addım, tədricən Rusiyadan qopub ölkəsinin səmtini Qərbə doğru yönəltsin”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->