Xəbər lenti

“Paşinyan revanş üçün fürsət gözləyir” - Ekspert
Siyasət 15:44 26.05.2023

“Paşinyan revanş üçün fürsət gözləyir” - Ekspert

"Yaxın zamanlarda hansısa sülh sazişinin imzalanacağına inanmıram. Çünki erməni tərəfi belə bir sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mövcud şəraitin yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını mümkün etdiyi barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

Onun fikrincə, müharibə bitəndən sonra İrəvan məsələni uzatmaqla məşğuldur:



"Hətta Paşinyan imzalasa da, Ermənistanda ölkədaxili prosedura görə, imzalanan sənəd parlamentindən keçməli, prezident imzalamalı, hətta xalqın referendumuna çıxarılmalıdır. Bu sülh müqaviləsi qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması deməkdir. Onlar şərt qoyurlar ki, Qarabağ məsələsi paralel olaraq ayrıca müzakirə edilsin. Azərbaycan buna getmir. Əslində çoxları da buna maraq göstərmir. Fakt odur ki, müharibə bitəndən sonra İrəvan məsələni uzatmaqla məşğuldur. Ermənilər nə sülh sazişi, nə də nəqliyyat yollarının açılmasında maraqlı deyil. Paşinyan toparlanmalı, nəticə çıxarmalı və mübarizəni davam etdirməli olduqlarını deyir. Bu isə o deməkdir ki, Paşinyan sazişi məcburən olaraq müvvəqəti olaraq tanıyır”. 

Ekspert bildirir ki, ermənilərdə tövbə söhbəti yoxdur:

"Yenidən yenidən nəyəsə başlamaq üçün fürsət axtaracaq və buna hazırlaşacaqlar. Məsələnin uzadılması İrəvanın strateji marağındadır. İlham Əliyevlə Paşinyan arasında Moskvada baş tutan polemika da göstərdi ki, erməni baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, daxilən tamamilə başqa mövqedədir. Erməni cəmiyyətinin məqsədi məsələni uzatmaq və heç bir sazişə getməməkdən ibarətdir. Ona görə də cürbəcür fürsətlərdən istifadə edərək çalışacaqlar ki, sülh sazişi imzalanmasın. 3 ilə yaxındır ki, məhz belə bir vəziyyət mövcuddur”. 

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi  Dmitri Peskov mövcud şəraitin yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verdiyini bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->