Xəbər lenti

Pakistanın İsraillə bağlı təklifi: Bu, mümkündürmü? (ŞƏRH)
Dünya 13:01 13.08.2024

Pakistanın İsraillə bağlı təklifi: Bu, mümkündürmü? (ŞƏRH)

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində İsrailə münasibətdə Qəzzadakı duruma görə neft və ticarət embarqosunun tətbiq ediləcəyi inandırıcı görünmür".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın İsrailə neft və ticarət embarqosunun tətbiq edilməsi təklifini şərh edərkən deyib.

"Sözügedən qurum tərəfindən bu istiqamətdə addım atılacağını gözləmirəm. Hər halda İƏT çərçivəsində İsraili əməllərinə görə tənqid edən hansısa bir sənəd qəbul olunacaq. Bu istiqamətdə hansısa siyasi addımlar atıla bilər. Amma İsrailə neft və ticarət embarqosu mümkün deyil. Xüsusən də ona görə ki, bunun əvəzində İsrailin istənilən halda digər yerlərdən neft alması da mümkündür", deyə Tofiq Zülfüqarov bildirib.
 


Həmsöhbətimiz qeyd edib ki, İƏT çərçivəsində anti-İran qanadı çox güclüdür:

"Səudiyyə Ərəbistanı başda olmaqla Fars körfəzi ölkələri İsrailə qarşı belə bir addımın atılmasına imkan verməyəcək. Onlarla İsrail arasında tədricən yaxınlaşma gedir. Tramp ABŞ prezidenti olan dövrlərdə bu istiqamətdə bir sıra addımlar atılıb. Bölgənin bir sıra ölkələri İsraillə diplomatik əlaqələr qurmaq niyyətindədir. O baxımdan da İƏT-dən İsrailə neft və ticarət embarqosunun tətbiqi qərarını keçirmək mümkün olmayacaq".

Qeyd edək ki, Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar HƏMAS liderinin öldürülməsi və Qəzzadakı vəziyyətlə bağlı İsrailə neft və ticarət embarqosunun tətbiqinə çağırıb. O, Pakistanın Fələstinlə həmrəy olduğunu bildirib.

"Sionistləri məsuliyyətə cəlb etməyin vaxtı çatıb və müsəlman dünyası bəyanatlar və qınaqlardan kənara çıxmalıdır. Əgər İsrail Qəzzada dərhal atəşkəsə razı olmazsa, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Təl-Əvivlə neft ticarətinin boykotunu dəstəkləməlidirlər", deyə İshaq Dar bildirib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->