Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkəni Kamran Balayev Londondakı şirkətini satıb.
Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumata istinadən xəbər verir ki, 2018-ci ildə "International Risk Ltd” adı ilə qeydiyyata alınan və 2021-ci ilin oktyabr ayından etibarən "E-London Ltd” adlanan şirkətin yeni sahibi Hollandiya vətəndaşı olan 1962-ci il təvəllüdlü Gülşən Qorxmaz qızı İbrahimovadır. Şirkətin direktoru isə Rusiya vətəndaşı olan 1997-ci il təvəllüdlü Ksenya Klimova olub. Bu ilin iyun ayının 21-də şirkətin hüquqi ünvanı da dəyişib. Şirkət son bir aydır "Lower Ground Floor West, 17 Nottingham Street, London, W1U 5EW” ünvanında yerləşir.
Məlumat üçün qeyd edək ki, 1981-ci il təvəllüdlü Kamran Balayev 2002-ci ildə Oqtay Əsədovun qızı Nərminə Əsədova ilə evlənib. 2012-ci ildə Ədliyyə Akademiyasının rektor əvəzi olan Kamran Balayev ilə Oqtay Əsədovun qızı arasında qalmaqallı boşanma prosesi baş tutub. Məhkəmə çəkişmələrindən sonra Kamran Balayev Londona köçüb. 2013-cü ildə Londonda 2 şirkət – "Attorneys Without Borders” və "Varsity Court Limited” şirkətlərini təsis edib. 2014-cü ildə daha bir şirkət - "International Jurisdications Ltd” şirkətini qeydiyyata aldırıb. Bir neçə ildən sonra bu şirkətlər ləğv edilib. Kamran Balayev 2018-ci ildə təsis etdiyi şirkəti - "International Risk Ltd” (yeni adı "E-London Ltd”) şirkətini isə qeyd etdiyimiz kimi bu il Gülşən İbrahimovaya satıb.
Onu da bildirək ki, adını qısaldaraq özünü "Kam” olaraq təqdim edən Kamran Balayev 2020-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürüb. Açıqladığı tərcümeyi-halında Kembric Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunu olduğunu bildirir.
Şərhlər