"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq. Mənbəyi Əjdaha (Drakon) bürcündə olduğuna görə bu meteor yağışı Drakonidlər adlanır”.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq.
Qeyd edilib ki, Drakonid saatda cəmi 10 meteor istehsal edən kiçik meteor yağışıdır. O, ilk dəfə 1900-cu ildə kəşf edilmiş "21P Giakobini-Zinner” kometinin qoyub getdiyi toz dənələri tərəfindən əmələ gəlir. Kometin Günəş ətrafında bir dövrü tamamlaması təxminən 6,6 il çəkir.
Meteor yağışları Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə yaranır. Zaman keçdikcə bu axınlardakı quma bənzər parçalar Günəş sistemi ətrafında ana cismin orbitinin uzunluğu boyunca paylanır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda, adətən, təxminən 70-100 km yüksəklikdə "düşən” ulduzlar görünür. Ən çox meteor görmək üçün birbaşa yağışın mənbəyinə deyil, səmanın ondan təxminən 30-40° uzaqlıqdakı hər hansı qaranlıq hissəsinə baxmaq lazımdır. Məhz yağışın mənbəyindən bu məsafədə meteorların əksəriyyəti görünür.
Şərhlər