23 fevral tarixində Bakı Gənclər Mərkəzi və "Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Отнятое детство” ("Oğurlanmış uşaqlıq”) adlı filmin nümayişi baş tutub.
Filmin nümayişindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra isə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, "Davam” Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev və Xocalı soyqırımı şahidi Mürvət Məmmədov çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini səsləndirib, törədilən cinayətə beynəlxalq hüquq müstəvisində lazımi qiymətin verilməsinin vacibliyini önə çəkiblər.
Daha sonra CBC TV-nin əməkdaşı Elşən Rüstəmov tərəfindən lentə alınmış və Xocalı soyqırımı şahidi Mürvət Məmmədovun yaşadığı dəhşətlərdən bəhs etdiyi film nümayiş olunub.
Qeyd edək ki, tədbir Bakı Gənclər Mərkəzi və "Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən "Xocalıya Ədalət” həftəsi çərçivəsində baş tutub.
Şərhlər