Son günlər elmi-tarixi yazılar az yazıram, çünki çox inciyirəm, həvəsdən düşürəm. Elə hiss edirəm ki, nə qədər yazsam da, ölkə üçün lazımsız adamam.
Bəzi insanlar görürəm yazırlar ki, AMEA-da alimlər çalışmırlar. Əlbətdə, nöqsanlar hər bir idarədə, hər bir sistemdə var. Lakin məni maraqlandıran başqa sualdır:
Ölkədə müxtəlif dövlət qurumlarının nəzdində bu qədər elmi müəssisə və mərkəz olmasına baxmayaraq, niyə məhz AMEA və niyə biz hədəf alınırıq? Başa düşmək olmur ki, niyə Azərbaycan elmi haqqında deyilən bütün tənqidi fikirlər yalnız AMEA-a ünvanlanır.
Nəzərə almaq lazımdır ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə cəmi 11 elmi tədqiqat institutu var. Məqsəd elmin inkişafıdırsa buyurun tabeçiliyinizdə olan işləri də siz də ortaya qoyun, Elmlər Akademiyası da. Görün nə qədər elmi işlər, elmi araşdırmalar, kitablar, məqalələr, xaricdə məqalələr dərc edilib AMEA-da.
AMEA-nı elə adamlar ittiham edirlər ki, ömürlərində elmi bir əsər oxumayıblar. AMEA ölkənin zehni mərkəzidir. AMEA alimləri bu ölkənin müstəqilliyini quran və qoruyan insanlardır. AMEA alimləri ermənilərə qarşı informasiya müharibəsində ortaya ciddi işlər qoyan şəxslərdir. Bəli, AMEA-da nöqsanlar var, bu nöqsanların bazasını isə maddi zəiflik təşkil edir.
AMEA-da çalışanlar ömürlərini elmə həsr edənlərdir. İllərdir aşağılayıcı maaşa baxmayaraq, elmi atmayıb və öz peşələrinə sevgilərini qoruyub saxlayıblar.
Dünyada elmə ayrılan diqqət bizdə AMEA üçün ayrılsaydı, biz indi böyük işlər görmüşükdük. Ayda 300-600 manat arası maaş alan, heç bir sosial dəstəyi olmayan alimlər hələ bu qədər işlər görür, kitablar yazılır, tədqiqatlar ortaya qoyulur, xaricdə nüfuzlu jurnallarda məqalələr dərc edilir. Bu qədər zəhməti niyə görməzdən gəlirsiz?
Onsuz da Azərbaycanda ən aşağı təbəqə, ən son yerdə duran şəxslər alimlərdir. Ölkədə bir çox sahələr var ki, maaşları az olsa da, öz sahələri üzrə gəlir əldə edə bilirlər. Məsələn, orta məktəb müəllimləri də az maaş almasına baxmayaraq, repetitorluq edib, həkimlər özəl xəstəxanada işləyib pul qazana bilər. Fəhlələr də günə ən azı 20 manat qazana bilər. Aylıq hesablasaq 250-500 manat maaş alan alimlər (500 manat alan elmi dərəcəsi və elmi adı olanlardır, bunların ölkədə cəmi sayı 1000-ə qədərdir) ən aşağı təbəqə sayılır. Humanitar və ictimai elmlər sahəsində çalışan biz alimlərin heç yerdən gəlir əldə etmək imkanımız yoxdur. Ölkədə alimlər zavallı və zəlil şəxslərdir. Bunu niyə görməzdən gəlib, AMEA-nın üstünə düşmüsünüz?
Bütün bunlara baxmayaraq, AMEA-nın beynəlxalq reytinqlərdə göstərilən elmi məhsuldarlığı digər elmi müəssisələrin və ali məktəblərin birlikdə əldə etdikləri elmi məhsuldarlıqdan daha da üstündür.
Zaur Aliyev, dosent
Şərhlər