Xəbər lenti

Netanyahunun təklifi reallaşa bilərmi? (ŞƏRH)
Dünya 11:46 25.07.2024

Netanyahunun təklifi reallaşa bilərmi? (ŞƏRH)

"Netanyahunun bu təklifi reallaşa bilər, ancaq Baydenin dövründə deyil, Tramp yenidən Ağ Evə gəlsə, məhz onun dövründə". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər yeni ittifaq yaratmaqla bağlı təklifini şərh edərkən deyib.

"Bayden adminstrasiyası son dövrlərini yaşayır. Ona görə də indiki vəziyyətdə Bayden adminstrasiyasını kiçik də olsa geosiyasi uğurlar maraqlandırır. Çünki prezident seçkiləri ərəfəsi seçicilərə təqdim edəcək müəyyən uğurlara ehtiyac var. Ağ Ev üçün hazırda bu uğurlar İsraillə HƏMAS arasında atəşkəs sazişi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ola bilər", deyə Natiq Miri bildirib.
 


Bu səbəbdən ekspert indiki vəziyyətdə Netanyahunun təklifi kontekstində Yaxın Şərqlə bağlı Vaşinqtonun hansısa qərar verəcəyini gözləmir. Natiq Miri düşünür ki, Netanyahunun bu sayaq təklifləri daha çox öz dərisini xilas etməyə hesablanmış addımdır:

"Beynəlxalq səviyyədə ona qarşı hüquqi baxımdan müəyyən prosedurlar var. İsrail daxilində də ictimai rəy Netanyahunun əleyhinədir. İsrail uzun müddətdir müharibə aparmasına rəğmən HƏMAS təşkilatını çökdürə bilməyib. Bu kontekstdə daha böyük fəaliyyət planı ortaya qoymaqla hansısa hərbi uğurlar əldə etmək istəyirlər". 

Həmsöhbətimizə görə, ancaq Tramp prezident seçilsə, Netanyahunun təklifinin önü açıla bilər: 

"Çünki Tramp üçün heç bir hüquqi əsas mövcud deyil. O, prezidentlik dönəmində Suriyanın Colan təpələrini İsrail ərazisi kimi tanımışdı. Qüdsü də İsrailin paytaxtı kimi tanıdı. Ona görə də Tramp Baydendən daha çox yəhudidir. Bu səbəbdən Netanyahunun təklifinin reallaşması təhlükəsi var, ancaq Baydenin dövründə yox".

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər yeni ittifaq yaratmağı təklif edib. Bu barədə Netanyahu ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasının birgə iclasında çıxışında deyib. O qeyd edib ki, bu təşkilat İran təhlükəsinə qarşı yönələcək.
"Sivilizasiya qüvvələrinin qələbə çalması üçün Amerika və İsrail bir yerdə olmalıdır", deyə İsrailli nazir vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->