Noyabrın ötən 25 günündə temperatur iqlim normasından 7.5 dərərəcəyədək yüksək olub.
Qaynarinfo-nun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
Umayra Tağıyeva qeyd edib ki, noyabr ayı bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin oldu: "Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alındı. Ölkəmizdə də payızın sonu üçün yüksək temperatur qeydə alınır. Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub".
Umayra Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub: "Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək oldu. Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərərəcəyədək yüksək qeydə alınıb”.
Umayra Tağıyevanın sözlərinə görə noyabrın 27-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, 28-də arabir yağış yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir:
"Azərbaycanın rayonlarında da 27-si gündüz dağlıq ərazilərdən başlayaraq 28-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək”.
Şərhlər