Xəbər lenti

Naxçıvanla sərhəddə atəşkəs niyə pozuldu? (ŞƏRH)
Siyasət 14:59 16.08.2024

Naxçıvanla sərhəddə atəşkəs niyə pozuldu? (ŞƏRH)

"Vaşinqton və digər Qərb dövlətləri maraqlıdır ki, Cənubi Qafqazda qarşıdurma yaransın və onlar da bundan istifadə edib, bölgəyə daxil olsunlar". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənistanın yenidən Naxçıvan istiqamətində atəşkəsi pozması səbəblərini şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistan daim təxribatlarla məşğuldur. Bu təxribatlar da münaqişənin başa çatmadığı, hələ də davam etdiyini göstərmək üçün edilir:

"Bu da ilk növbədə Qərb ölkələrinin sifarişilə edilir. ABŞ, Fransa kimi ölkələr Cənubi Qafqaz regionunda qeyri-sabitliyin olmasında maraqlıdır. Belə vəziyyətin yaranması ilə həmin ölkələr özlərinin geosiyasi maraqlarını təmin etmək üçün regiona daxil olmağa çalışırlar. Son dövrlər ABŞ-ın fəallaşması da bununla əlaqədardır. ABŞ-la Ermənistan bu yaxınlarda birgə hərbi təlimlər keçirdi. ABŞ-ın Ermənistana silah daşıması, əsgəri kontingent gətirməsi də məlum məsələdir".



Ekspert deyir ki, Qərb İrəvanı bu kimi təxribatlara sürükləməklə qarşıdurma yaradıb, bölgəyə daxil olmağa çalışır: 

"Vaşinqton və digər Qərb dövlətləri maraqlıdır ki, regionumuzda müəyyən proseslər sərt şəkildə davam etsin, qarşıdurma olsun və onlar da bundan istifadə edib, bölgəyə daxil olsunlar. Ona görə də İrəvan tərəfindən təxribatlar gözlənilən idi. ABŞ və Fransa öz geosiyasi maraqlarını təmin etmək üçün hər cür belə təxribatlara hazırdır. Amma Azərbaycan Ordusu onlara layiqincə cavab vermək imkanına malikdir".
 
Qeyd edək ki, Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozub. Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Avqustun 16-sı, gecə saat 03:20 radələrində də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->