Xəbər lenti

Mineral gübrələrin səyyar satış xidməti başladı
Ekonomiks 10:13 31.10.2023

Mineral gübrələrin səyyar satış xidməti başladı

Yeni əkin mövsümü ilə əlaqədar olaraq "Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımi mineral gübrələrlə tam təchiz edib. Bununla yanaşı, Səhmdar Cəmiyyət mövsümi və qeyri-mövsümi gübrələrin qiymətlərinə ciddi endirimlər edib. "Aqroservis” fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə, həm rayon bölmələri, həm də səyyar xidmət təşkil etməklə təmin etməyi planlaşdırır.

Oktyabr ayından etibarən "Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Başladığı gündən bu günədək artıq 50-yə yaxın kənd və qəsəbədə səyyar xidmət həyata keçirilib. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 çatış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız "Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-ni fermer kartından ödəmək mümkündür.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->