Xəbər lenti

Siyasət 16:43 15.10.2024

"Məsud Pereşkian Azərbaycanla normal münasibətlər qurmaq istəyir" - Politoloq

"İran prezidenti Məsud Pezeşkianın Azərbaycan rəsmiləri ilə bilavasitə ilk görüşündə verdiyi bəyanatlar onun ölkəmizə qarşı səmimi olmaq istəyinin təzahürüdür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, onun gerçəklikləri açıq şəkildə ifadə etməsi belə düşünməyə əsas verir:

"Görünən odur ki, İranın yeni prezidenti Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Azərbaycan hər zaman İrana qarşı konstruktiv mövqedə olub. Azərbaycan həm qonşuluq, həm də İranda yaşayan azərbaycanlıların mövcudluğu baxımından qardaşlıq münasibətlərinə önəm verib".
 


Ekspert qeyd edib ki, gərginliyin səbəbkarı həmişə Tehran olduğu üçün onun ortadan qaldırılması da İrandan asılıdır:

"Görünən odur ki, İran prezidenti öz iqtidarı dövründə bu münasibətlərin qaydaya salınmasında maraqlıdır. İki ölkə arasında əməkdaşlıq həmişə gərginlik fonunda belə davam edib. İqtisadi əlaqələr artan xətt üzrə inkişaf edib. Bu, artan mal dövriyyəsindən də görünür. Siyasi gərginliklər fonunda iqtisadi layihələr planlanıb və icra edilib".

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan-İran münasibətlərindəki əməkdaşlıq istiqamətləri geniş profilli bir çox sahələri əhatə edə bilər:

"İstehsal sahələrinin yaradılması, məsələn, tibbi məhsulların, tikinti və qida sənayesi məhsullarının istehsalı sahəsində əməkdaşlıq arta bilər. Təhsil sahəsində geniş əməkdaşlıq mümkündür. İran azərbaycanlılarının Azərbaycanda təhsil alması, elmi işlə məşğul olması üçün imkanlar yaradıla bilər. Hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq yollarının axtarılması da mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, iki ölkənin potensialı əməkdaşlıq üçün geniş imkanlar açır".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Görüşdə Pezeşkian bildirib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalı, əməkdaşlıq inkişaf etdirilməlidır:

"Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Hesab edirəm ki, əməkdaşlıq yolu ilə təhlükəsizliyi təmin edə və problemləri həll edə bilərik".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->