Bir neçə gün bundan öncə Azərbaycan Dövlət Filarmoniyasında "Nəva dəstgahı”nın təqdimatı keçirilib. "Nəva dəstgahı” Azərbaycana məxsus olsa da, bu günə kimi tədris proqramına salınmayıb. Xanəndələr bunun səbəbini sözügedən muğamın çətinliyi ilə əlaqələndirir. Amma iranlı iş adamı və Azərbaycan Televiziyasının solisti Fəraməz Gərmrudi təqdim etdiyi "Nəva dəstgahı”nda heç bir çətinliyinin olmadığını qeyd edib:
"Rəhbərlik etdiyim "Könül” ansambılı 2008-ci ildən fəaliyyət göstərir. Biz bu ansambılla bütün muğamları işləmişik. 7 böyük dəstgah var, 5 muğam. "Nəva” muğamı da həmin 7 dəstgahın içindədir. Biz "Nəva” muğamını hələ 4-5 il bundan əvvəl yazmışdıq, amma zaman tapmırdıq ki, onu məşq edək. Sonuncu dəfə Azərbaycana gələndən sonra başladıq ansambılın üzvləri ilə "Nəva” muğamını məşqlərini etməyə. "Nəva” çox mürəkkəb bir muğamdır, çoxlu şöbə və güşələri var”.
Fəraməz Gərmrudi "Nəva” muğamının ilk dəfədir Azərbaycan muğam sənətində bu üslübda təqdim olunduğunu qeyd edib:
"Azərbaycan musiqi alətlərindən olan-tar, kaman, balaban, nağara musiqi alətləri də bu muğama xüsusi rəng qatıb. Təqdimatda xanəndələr, musiqiçilər, muğam sənətini sevərlər iştirak edirdi. Təqdimardan sonra muğam ifaçıları "Nəva” muğamı və xüsusi ilə də mənim ifamla bağlı çıxışlar etdi, çox bəyəndiklərini dilə gətirdilər. Bu muğam Azərbaycanda heç vaxt ifa olunmayıb. "Segah”, "Bayatı-Şiraz”, "Şur” və "Çahargah” muğamı ifa olunub. Azərbaycanda həmçinin "Əbu-əta”, "Dəşti” işlənməyib. "Dəşti”ni tək rəhmətlik Əlibaba Məmmədov ifa edib. Musiqi sərhəd tanımır. Vaxtı ilə bu muğamı tarda Bəhram Mansurov da ifa edib. Bundan başqa 1927-ci ildə Əhməd Bakıxanovun ifasında da səslənib. Əhməd müəllim bu muğamı İranda öyrənib. Azərbaycanda gələndən sonra muğamı burada ifa edib. "Nəva” bir muğam kimi ilk dəfə mən ifamda səslənib”.
Xanəndə Azərbaycan muğam sənətində olan ifaçıların yaradıcılığı ilə yaxından tanış olduğunu qeyd edib:
"Rəhmətlik Cabbar Qaryağdıdan üzü bəri elə bir xanəndə yoxdur ki, mən onu yaradıcılığını oxumayım, hamısı ilə tanışam. Bu muğamı ancaq Fərqanə Qasımovanın ifasında eşitmişəm. Baxdım ki, İrandan bir tar və ney gətirib. Fərqanə Qasımovanın bu ifası çiydir. Səbəbi odur ki, Fərqanə xanım azərbaycanlı, tar, ney isə İran üslubunda ifa edirdilər. Onun ifasında rəng və təsniflər yoxdur. Hətta Alim Qasımov da öz müsahibəsində bildirib ki, "4 ay Tehranda bu muğamın üzərində işlədim, amma bir şey başa düşmədim".
Xanəndə muğamın çox ölkələrdə ifa olunduğunu əlavə edib:
"Amma əsas Azərbaycan və İrandır. Məsələn, heç vaxt bir Tehranlı gəlib "Segah” oxuya bilməz. "Segah” Azərbaycanındır. Baxın, "Sarı gəlin”ə, ermənilər deyir bizimdir. Amma bütün dünya bilir ki, "Sarı gəlin” Azərbaycanındır. İstərdim ki, bu muğam gələcəkdə tədrisə salınsın və ifalarda nəsildən-nəsilə keçsin”.
Bahar Rüstəmli
Şərhlər