Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir. Toğrul Nəcəfli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.
Məsələ əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Burada qəbul edildikdən sonra Milli Məclisin plenar iclasında baxılacaq.
Qeyd edək ki, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.
Konstitusiyaya görə, Azərbaycan Prezidenti İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.
Hazırda İdarə Heyətinə Mərkəzi Bankın sədri Taleh Kazımov, onun birinci müavini Rəşad Orucov və müavini Əliyar Məmmədyarov daxildir. təklifə əsasən Rəşad Orucov vəzifəsindən azad ediləcək.
Qaynarinfo modern.az-a istinadən yeni İdarə Heyətinə təklif olunan yeni üzvlərin dosyesini təqdim edir.
Toğrul Nəcəfli oğlu Əliyev
O, 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini, 2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetinin "Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini bitirib. Toğrul Əliyev 2008-ci ildən Mərkəzi Bankda işləyir. 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə çalışır.
Gülər Azər qızı Paşayeva
1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin "Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib. 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. 2022-ci ilin iyul ayından Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışır.
Əli İsmayıl oğlu Əhmədov
1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini "İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan "Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini "Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirib. 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Vüsal Cahangir oğlu Xəlilov
1987-cı ildə Şəki şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib. 2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management” birgə EMBA proqramına daxil olub. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib. 2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə çalışır.
Şərhlər