Bu gün Bakıda mənzilə olan təlabat artır. Kirayə mənzillər gündən-günə bahalaşır. Vətəndaşlar kirayədə yaşamaqdansa, ipoteka yolu ilə ev almağa üstünlük verir. Amma şərtlər ağırdır. Hər kəsin mənzilə olan təlabatının ödənilməsi və ipoteka şərtlərinin yüngülləşdirilməsi istiqamətində banklar tərəfindən hansı addım atıla bilər?
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Bakıda hər kəsin evinin olması mütləq deyil.
"Dünyanın heç bir yerində belə bir şey mümkün deyil. İnsanların daha çox hissəsinin mənzilinin, özünə məxsus olan yaşayış yerinin olması yalnız sosialist ölkələrində mümkündür. Kapitalist ölkələrində belə bir şey qeyri-mümkündür. 1991-ci ildə biz yalnız müstəqillik yolunu deyil, həm də kapitalizm yolunu seçdik. Dedik ki, biz sosializmi istəmirik. Kapitalizmdə də kimin pulu çoxdursa, onun da evi var. Hətta bizdə minlərlə insan var ki, yüzlərlə mülkləri mövcuddur. Amma SSRİ zamanında insanın yalnız bir evi ola bilərdi. O da konkret orada yaşayanlara aid olan uyğun sahələrdə. Uzağı bir bağ evi də ola bilərdi. SSRİ-də mənzili dövlət pulla satmırdı. Fəhlələr növbəyə dururdu, ona uyğun da ev sahibi olurdular. Düzdür, orada da korrupsiya olurdu, amma əksəriyyət qanunu yolla alırdı. Mənim valideynlərim də mənzili həmin vaxt alıb", deyə Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənov indi belə mexanizmin olmadığını xatırladıb:
"Dünyada da ipoteka yolu ilə o adamlar ev ala bilir ki, onun sabit gəliri var, özü də mümkün qədər çox. İpoteka fondu baxır ki, kimin pulu çoxdursa, ona kredit verir. Bəziləri deyir ki, gəlin ipoteka şərtlərini yumşaldaq. Bundan o yana nə qədər yumşaldılmalıdır? 4%-lə sosial, 8%-lə isə adi ipoteka verilir, yəni Mərkəzi Bankın uçot dərəcəsində də ucuz. Mərkəzi Bank bankalara krediti daha böyük faizlə verir".
Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda ipoteka kreditləri faizsiz verilsəydi belə, yenə də əksəriyyət əhali həmin kreditdən faydalana bilməyəcəkdi:
"Krediti qaytarmalısan. Bizim əhalinin aylıq gəliri o qədər aşağıdır aylıq təlabatına güclə çatır. İnsanlar istəyir öz evində yaşasın. Amma bu mümkün deyil. Bu tendensiya get-gedə Azərbaycanda daha da güclənəcək. Camaatın evlərini gəlib sökürlər, yeni binalar tikirlər. Mənzilləri kim alır? Bir neçə mənzilləri olanlar. Onlar mənzili alıb kirayə verir. Bu minvalla Azərbaycanda bir müddətdən sonra öz mənzili olanların sayı daha da az olacaq. Əgər biz bunu istəmiriksə, gərək kapitalizmdən imtina edək. Qayıdaq sosializm sisteminə".
Bahar Rüstəmli
Şərhlər