Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovun həbs müddətini daha 48 saat uzadıb.
Bu barədə Qaynarinfo AFP-yə
istinadən xəbər verir.
Mediada yayılan xəbərə görə, bu qərarla məhkəmə onun həbs müddətini 96 saata çatdırıb. Qalan müddətdə Durova qarşı ittiham irəli sürülməli və ya o, azadlığa buraxılmalıdır.
Eyni zamanda, xüsusilə ağır cinayətlərin istintaqı zamanı Fransada həbs müddəti 144 saata qədər uzadıla bilər.
Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Paris ətrafında yerləşən Le Burje hava limanında Fransa təhlükəsizlik qüvvələri "Telegram" messencerinin yaradıcısı Pavel Durovu saxlayıb.
İstintaq ibtidai istintaq aparır və onu terrorizmdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, dələduzluqda, çirkli pulların yuyulmasında, oğurlanmış malların satışında və uşaqlara qarşı cinsi cinayətlərdə ittiham edir.
Fransada o, həm də xidmətə moderatorluq etməməkdə və istintaqla əməkdaşlıq etməməkdə ittiham olunur. Durovu 20 ilədək həbs cəzası gözləyə bilər.
Eyni zamanda, messencerin administrasiyası ittihamları rədd edib və şirkətin Avropa İttifaqının hüquq çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb.
Nizami Bağırov
Şərhlər