Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Qazaxıstanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Görüş zamanı Azərbaycan və Qazaxıstan dövlət başçılarının Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini dəfələrlə qeyd etdikləri vurğulanıb, əlverişli coğrafi mövqe və nəqliyyat infrastrukturu imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasının prioritet istiqamətlərdən biri olduğu qeyd olunub. Tərəflər hər iki ölkənin sahibkarları arasında əlaqələri gücləndirmək üçün birgə aqrobiznes forumlarının təşkil edilməsində maraqlı olduqlarını ifadə ediblər.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu sahədə əməkdaşlığın inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.
Şərhlər