Xəbər lenti

Mahmud Abbasın Qəzzaya gözlənilən səfəri nə məqsəd daşıyır? (ŞƏRH)
Dünya 17:31 16.08.2024

Mahmud Abbasın Qəzzaya gözlənilən səfəri nə məqsəd daşıyır? (ŞƏRH)

"Mahmud Abbasın Qəzza zolağına səfər etmək istəyində məqsəd Fələstin ərazisində böyük güclərin yaratmaq istədiyi yeni konfiqurasiyanın qarşısını almaqdan ibarətdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.

Ekspert bildirib ki, bu konflikt təkcə İsraillə Fələstin arasında konflikt deyil. ABŞ regionda yeni konfiqurasiya yaratmağa çalışır və bu zaman İsraildən istifadə edir:

"Təl-Əviv Fələstini müstəqil dövlət kimi görmək istəmir. Fələstinin vahid siyasi subyekt kimi mövcud olmasında maraqlı dövlətlər də var ki, onun da başında Türkiyə dayanır. Türkiyə Fələstinin dövlət kimi qəbul olunmasında digərlərilə müqayisədə daha çox israrlıdır. Bu istiqamətdə Rəcəb Tayyib Ərdoğan bir çox ölkələrin dövlət başçıları ilə danışıqlar da aparıb. Nəticədə xeyli sayda dövlətlər Fələstini dövlət olaraq tanımağa hazır olduğunu bəyan edib. Rəsmi Ankara daxili ziddiyyətlərə son qoymaq üçün HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə ilə Mahmud Abbasın Türkiyə parlamentində görüşünü təşkil etmək istəyirdi. Bir çoxları bu əsasda iddia edir ki, məhz həmin görüşü əngəlləmək üçün Haniyə aradan götürüldü". 
 


Həmsöhbətimiz düşünür ki, Fələstinin beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınması çətin məsələdir. Bu istiqamətdə hələ çoxlu işlər görülməlidir:

"İlk növbədə Fələstin cəmiyyətinin siyasi birliyi, konsolidasiyasına nail olunmalıdır. Eyni zamanda, Türkiyənin apardığı və BMT-nin 1967-ci il qətnaməsinə əsaslanan mövqeyini dəstəkləyən dövlətlərin sayı çoxalsa, iki dövlət prinsipi konfiqurasiyası mümkün ola bilər. Əsas məsələ fələstinlilərin birliyinə, siyasi konsolidasiyasına nail olmaqdır. Bunun üçün də HƏMAS-la Mahmud Abbas razılığa gəlməlidirlər. Mahmud Abbasın Qəzzaya gözlənilən səfəri də prosesə töhfə vermək və dünya birliyinə Fəsəltinin Qəzza itkisilə barışmayacağı mesajını vermək məqsədi daşıyır".

Ekspertə görə, bu səfər Fələstin dövlətini yaratmaq istiqamətində gedən yolu bir qədər də qısalda bilər:

"Amma Mahmud Abbas Haniyənin sağlığında Ərdoğanın təklifini qəbul etsəydi, daha effektiv olacaqdı".

Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib. Məlumata görə, o, bunu Türkiyə parlamentində çıxışı zamanı deyib: "Həmfikirlərimlə birlikdə Qəzzaya gedəcəyəm".

Xatırladaq ki, Qəzzada müharibə 10 aydan çoxdur davam edir. Bu müddət ərzində Mahmud Abbas bir dəfə də olsun bölgəyə səfər etmək niyyətini bəyan etməyib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->