Kursk vilayətində baş verən hadisələr fonunda çoxlu sayda rusiyalı birdən Rusiyanın KTMT-nin üzvü olduğunu xatırladı. Buna görə də İnternet Moskvanın "ərazisinin işğalını” dəf etmək üçün müttəfiqlərinə müraciət edə biləcəyi ilə maraqlanmağa başladı.
Qaynarinfo xəbər verir ki, politoloq, Penta Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin idarə heyətinin sədri Vladimir Fesenko UNIAN-a
şərhində bunun nəzəri və praktik mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
- Kursk vilayətində baş verən hadisələr fonunda Rusiya KTMT-nin iştirak ehtimalını və təşkilatın Moskvaya "işğalın” dəf edilməsinə kömək etməməsinin səbəblərini fəal müzakirə etməyə başladı. Ümumiyyətlə, KTMT-yə üzv ölkələrin Ukraynaya qarşı müharibədə iştirak etməsi mümkündürmü?
- Bu suala cavab vermək üçün ilk növbədə KTMT-nin mahiyyətinin nədən ibarət olduğunu başa düşməliyik. Təşkilat 90-cı illərdə yaradılıb. Bu, əvvəlcə Daşkənd müqaviləsi idi. Və müqaviləyə yanaşma bu məqamda çox vacibdir - sovet dövründə olanın birbaşa surəti. Əslində Rusiya elə təşkilatlar yaratmağa çalışıb ki, onun vasitəsilə özünə yaxın ərazilərə siyasi, iqtisadi və hərbi nəzarəti həyata keçirə bilsin.
Sonra əvvəlcə Sovet blokuidi, sonra - Qarşılıqlı İqtisadi Yardım Şurası, arınca isə Varşava Müqaviləsi oldu. Bu, hərbi blok idi. Yeltsinin dövründə isə bu Daşkənd müqaviləsini yaratdılar, Özbəkistan ondan çıxdı və onun adı KTMT adlandırıldı.
Rusiya Federasiyasının fikrincə, bu, Rusiyanın öz maraq zonasını nümayiş etdirdiyi hərbi-siyasi təşkilatdır. Və postsovet məkanının ən azı bir hissəsinə onun nəzarəti deməkdir.
- KTMT-nin vəzifələrindən biri "hərbi-siyasi xarakterli təhdidlərə qarşı çıxmaqdır”. Yəni nəzəri olaraq ölkələr bir-birini dəstəkləyərək hərbi əməliyyatlarda iştirak edə bilərmi?
- KTMT-nin mövcud olduğu dövrdə heç kim bu təşkilatdan konkret hərbi əməliyyatlarda iştirak etmək üçün istifadə etməyib. Əslində, KTMT-nin belə bir polis funksiyasına cəlb edildiyi yeganə vaxt 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar baş verən zaman oldu. Bu, KTMT-nin yeganə effektiv təzahürü idi.
Bütün digər situasiyalarda KTMT faktiki olaraq yalnız görüşlər, hərbi-siyasi sahədə qarşılıqlı fəaliyyət platforması kimi çıxış edirdi və başqa heç nə yox idi. Ona görə də bu, daha çox simulyasiya təşkilatıdır ki, onunla Rusiya postsovet məkanının bir hissəsinə nəzarəti həyata keçirməli idi.
Bəzi postsovet ölkələri, xüsusən də Ermənistan üçün KTMT-də heç bir mənanın olmaması onların münaqişələri üzündən özünü büruzə verdi. Ermənistan KTMT-nin Dağlıq Qarabağdakı müharibədə ona kömək edəcəyinə ümid edirdi. Amma bunun əksi oldu - Rusiya nəinki Ermənistana kömək etmədi, hətta Azərbaycanla münasibətləri yaxşılaşdırmağa başladı. Əslində, birbaşa olmasa da, Rusiya və Belarus bu münaqişədə Azərbaycanın tərəfini tutub.
Bu, gizlədilmədi - Lukaşenko bu barədə şəxsən danışdı. Və bu hərəkətlər Ermənistanın mənfi reaksiyasına səbəb oldu və bir daha məlum oldu ki, bu alyans Ermənistana heç bir şəkildə kömək etmədi. Məhz buna görə də indi ölkə təşkilatdan çıxmaq üçün mərhələli prosesə başlayıb.
- Ukraynadakı müharibəyə qayıtsaq, Rusiya nəzəri olaraq KTMT-yə üzv olan ölkələri Rusiya Federasiyasının tərəfində müharibədə iştirak etməyə çağıra bilərmi?
- Rusiyanın Ukraynada müharibəsi başlayandan KTMT-nin bu müharibədə iştirak etməyəcəyi bəlli olub. Təşkilata üzv olan ölkələrin əksəriyyəti bunu Putinə açıq şəkildə bildirib. Ancaq başa düşmək lazımdır ki, Putinin buna böyük ehtiyacı yox idi - o, Ukraynadakı bütün problemləri özünün həll edəcəyinə inanırdı.
Ümumiyyətlə, Moskva KTMT ölkələrini əsl hərbi müttəfiq kimi qəbul etmir. Ola bilsin ki, Belarusiya istisna olmaqla, hətta bundan sonra da öz məqsədləri üçün istifadə edilə bilən kiçik bir qardaşdır. Rusiya genişmiqyaslı müharibənin əvvəlində, Belarus ərazisindən hücum üçün istifadə edərkən bunu etdi.
Digər ölkələrə gəlincə, Moskva onları ciddi qəbul etmir. Nə Qazaxıstan, nə Tacikistan, nə Ermənistan, Rusiya inanmır ki, onlar hərbi mənada hansısa şəkildə ciddi kömək edə bilərlər.
Rusiya Federasiyasının imtina etməyəcəyi yeganə şey bu ölkələrin canlı gücüdür. Rusiyanın insanlara ehtiyacı var və onlar bundan imtina etməzdilər. Amma heç kim onlara bunu təklif etmir. Hətta Putinin əsas tərəfdaşı olan Lukaşenko da bu müharibədə iştirak etmək istəmir.
Hamı başa düşür ki, belə bir addım ölkənin Qərblə münasibətlərini xeyli pisləşdirəcək. Məsələn, Ermənistanda Qərblə əlaqələr Rusiyadan daha vacibdir. Qazaxıstanda da vəziyyət oxşardır.
Rusiyanın KTMT-yə heç bir strateji ümidi olmayıb. KTMT-nin yeganə əsas hərbi qüvvəsi Rusiyanın özüdür. Ruslar başqa heç kəsi nəzərə almırlar. KTMT sadəcə Rusiyanın imperiya maraqlarını təşviq etmək üçün bir vasitədir və başqa bir şey deyil. KTMT əsl hərbi blok kimi işləmir. Rusiya hansısa yolla təşkilatı Ukraynaya qarşı müharibəyə cəlb etməyə cəhd edə bilərdi, lakin heç kim buna razı olmayacaq.
Alpər
Şərhlər