"Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var".
Qaynarinfo xəbər verir ki, bunu TASS-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
"Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə, hazırda bu, təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik olan Azərbaycan Respublikasının ərazisidir və hesab edirəm ki, bu məsələ birtərəfli qaydada həll olunmur, region böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır, deyə o, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.
Qeyd edək ki, ötən həftə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması başlanılıb. 2020-ci ilin payızından Qarabağda olan kontingent 2000-ə yaxın əsgərdən ibarət idi. Onlar indi avadanlıqlarla birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib:
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
Aydın
Şərhlər