İsrail təhlükəsizlik mənbəsi Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyünü təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kan" teleradio şirkəti məlumat yayıb.
"Təhlükəsizlik mənbəsi bu gün HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib", deyə məlumatda qeyd edilir.
Nəşr bildirib ki, HƏMAS liderinin aradan götürülməsi təsdiqlənə bilər, çünki İsraildə Sinvarın DNT nümunəsi var, o, əvvəllər İsrail həbsxanasında olub.
İsrail Müdafiə Qüvvələri (IDF) mətbuat xidməti isə açıqlama verərək bildirib ki, Qəzza zolağında əməliyyatlar zamanı HƏMAS qruplaşmasının 3 üzvü öldürülüb. İlkin məlumata görə, öldürülənlər arasında qrup lideri Yəhya Sinvar da ola bilər.
Qeyd edilib ki, hazırda həlak olanların şəxsiyyətini müəyyən etmək mümkün deyil. İDF əməliyyatla bağlı daha ətraflı məlumatı daha sonra təqdim edəcəyinə söz verib. HƏMAS nümayəndələri hələ ki, liderlərinin ölümünü şərh etməyiblər.
Avqust ayında qrupun Qəzza zolağındakı lideri Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilib. O, iyulun sonunda Tehranda məhv edilən İsmayıl Haniyənin varisi olub. Təhlilçilər deyirlər ki, bu təyinat HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra tutduğu radikal istiqaməti təsdiqləyir. Sinvar bu hücumun təşkilatçılarından biri hesab edilir.
Aydın
Şərhlər