Çin İrandan Qırmızı dənizdə husilərin hücumlarını dayandırmağa kömək etməsini tələb edib. "Reuters" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Mətbuatın açıqlamasına görə, Çin və İran bu diplomatları Pekin və Tehranda bir neçə görüş keçirib, Qırmızı dənizdə ticarət və hücumları müzakirə ediblər. Rəsmi Pekin bildirib ki, onun maraqlarına hər hansı şəkildə zərər vurularsa, bu,Tehranla ticarət əlaqələrinə təsirsiz ötüşməyəcək. Buna görə də İran təmkin nümayiş etdirmək üçün husilərə təsir etməlidir.
Bölgədə yaranan vəziyəti Qaynarinfo-ya şərh edən konfliktoloq Azər Hüseynov bildirib ki, qlobal və regional oyunçular fəaliyyətlərini iqtisadi, siyasi və hərbi imkanlarına görə tənzimləyirlər. Ekspert hesab edir ki, məhz bu səbəbdən assimetrik və ya simmetik metodların toqquşması baş verir:
"ABŞ, Britaniya, Rusiya, Çin və Fransa güclü iqtisadiyyata, hərbi imkanlara, siber vasitələrə və cəsus şəbəkəsinə malik olan aktorlardır. Dünyanın digər dövlətləri isə eyni resurs imkanlarına malik deyillər. Lakin hər bir dövlətin xarici siyasət və milli maraqları var. Onların təmin edilməsi üçün daha çox assimetrik oyunçuları işə cəlb etməklə fəaliyyət göstərirlər. Belə dövlətlərdən biri də İrandır".
Azər Hüseynov vurğulayıb ki, ideoloji və sistem fərqlilikləri səbəbi ilə İran 1979-cu ildən spesifik izolyasiyadadır:
"İranın iqtisadiyyatı, hərbi sənaye kompleksi, xarici siyasət metod və vasitələri buna uyğunlaşdırılıbdır. İran Yaxın Şərqdə bütün assimetrik oyunçuların ya hamisi, ya da tərəfdaşıdır. Bunlar HƏMAS, "Hizbullah", "Həşdi Şabi" və "Ənsar Allah" (Husi) hərəkatlarıdır. Qeyd edilən hərəkatlar strateji transmilli yollar üzərində yerləşir və zaman-zaman beynəlxalq yük daşımalarına, eləcə də Qərbin regional müttəfiqləri olan bir sıra ərəb dövlətlərinə problem yarada bilir".
Xatırladaq ki, Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub.
Siyasət şöbəsi
Şərhlər