"İranın İsrailin son hərəkətilə bağlı verdiyi bəyanatlar elə kağız üzərində qalacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İran parlamentinin qapalı iclasında "İsrailin cinayətlərinə qarşı ən yaxşı tədbirləri seçmək yolları"nın müzakirəsi nəticəsində Tehranın hansı seçimi edəcəyini şərh edərkən deyib.
"İran İsraildən çəkinir. Təkcə Tehranın proksi qüvvələrinə qarşı deyil, habelə İranın özündə və kənarda bu ölkənin bir sıra məmur və generallarına qarşı törədilən hadisələrə molla rejiminin zaman-zaman sərgilədiyi reaksiya belə qənaətə gəlməyə əsas verir ki, İran Təl-Əvivə qarşı mübarizədə assimmetrik durumdadır. İran İsrailin böyük güclər tərəfindən dəstəkləndiyinin fərqindədir. Ona görə də İran rüsvayçı şəkildə geri çəkilir, özünə qapanır. Bu səbəbdən İran İsraillə qarşıdurmaya getməyəcək. Qərb İranın ambissiyalarını məhdudlaşdırıb, onu idarəolunan ölkə vəziyyətinə gətirəcək", deyə Üzeyir Şəfiyev bildirib.
Həmsöhbətimizə görə, "Hizbullah” liderinin öldürüməsində Tehranın da əli var:
"Hizbullah” liderinin ölümündən bir neçə gün əvvəl İslam Ərəb Şurasının katibi Məhəmməd Əli-Hüseynin verdiyi müsahibədə Həsən Nəsrullaha açıq şəkildə çatdırdı ki, ona Qüdsü vəd edənlər, artıq onu satıblar. Deməli, "Hizbullah” liderinin ölümündə İranın da adı hallanır. Deməli, İran hansısa dividentlər naminə proksi qüvvələrini qurban verir".
Ekspert qeyd edir ki, İsrail-İran qarşıdurması Azərbaycan üçün də arzuolunan deyil:
"Bu baş versə, kifayət qədər qaçqınlar ordusu Azərbaycana üz tutacaq. Bu baş verərsə, ölkəmiz həm əlavə yüklə yüklənər, həm də təhlükəsizliklə bağlı problem yaşayz bilər”.
Digər tərəfdən, İrana qarşı müharibə başlasa belə, Üzeyir Şəfiyevin fikrincə, Azərbaycan öz ərazisindən ona zərbələr endirilməsinə birmənalı şəkildə imkan verməyəcək:
"Lakin İranda xarici və daxili təzyiqlərlə dəyişikliklər baş verəcəksə, Azərbaycan buna hazır olmalı və onu maksimum şəkildə rasional qiymətləndirməyi bacarmalıdır. Digər tərəfdən, Qərb ölkələrinin marağında olmadığına görə İranın parçalanması da baş verməyəcək. Çünki İran Qərbə balanslaşdırıcı qüvvə kimi lazımdır”.
Qeyd edək ki, ötən şənbə günü İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası Livanda baş verən hadisələrə həsr olunmuş qapalı iclas keçirib. Bu barədə Mehr Agentliyi xəbər verir. Agentliyin yazdığına görə, qapalı iclasda "İsrailin cinayətlərinə qarşı ən yaxşı tədbirləri seçmək yolları" müzakirə edilib.
Rüfət Sultan
Şərhlər